İran Rusiyaya 200-dən çox döyüş dronu göndərməyi planlaşdırır.
Məlumatı Ukrayna hərbi kəşfiyyatı “Telegram” kanalında yayıb.
Bildirilib ki, Rusiyaya göndərilməsi planlaşdırılan pilotsuz uçuş aparatları (PUA) arasında İranın dünyadakı ən uzunməsafəli hücum dronlarından olduğunu iddia etdiyi “Araş-2”, həmçinin “Şahed-136”, “Mohacer-6” dronları var.
Kəşfiyyatın məlumatında qeyd olunub ki, PUA-lar Xəzər dənizi vasitəsilə Rusiyanın Həştərxan limanına çatdırılacaq. Əlavə olunub ki, bu dronlar sökülü vəziyyətdə Rusiya ərazisində daxil edildikdən sonra burada yığılacaq, boyanacaq və onlara Rusiya işarələri tətbiq ediləcək.
Ukrayna kəşfiyyatı məlumatı necə əldə etməsi ilə bağlı detalları açıqlamayıb.
Rusiyanın müharibədə “Araş-2” dronlarından istifadə etməsinin Ukraynanın çətin vəziyyətdə olan hava hücumundan müdafiə (HHM) imkanlarını əlavə təzyiq altında qoya biləcəyi bildirilir.
Ukrayna HHM qüvvələri sentyabrın 13-dən bəri 300-dən çox hücum PUA-sı məhv edildiyini açıqlayıb.