7 C
Baku
Thursday, December 12, 2024

Ukrayna məsələsi Çini iştaha gətirə bilərmi?

Rusiya iqtisadiyyatı dağılır, Avropa bazarından məhrum olmaq üzrədir, banklar üzünə qapanır, oliqarxları müflisləşir. Kreml bu ağır vəziyyətdən çıxmaq üçün əsas tərəfdaşı Çinə müraciət edəcək. Kreml sahibi Vladimir Putin olimpiadanın açılış məqsədilə fevralın 3-də Pekinə gedərkən Ukraynaya hücum qərarını artıq vermişdi. Putin məhz buna görə Pekində əməkdaşlıqla bağlı geniş saziş imzaladı. Bu saziş Kremlə ona görə lazım idi ki, Qərbin sanksiyaları ilə üzləşdikdə tərəfdaşı Çin bazarına hədəflənsin. Ancaq Qərbin Rusiyaya qarşı sanksiyaları gözlənildiyindən də kəskin oldu. Belə olacağını Kreml də gözləmirdi. Bu vəziyyətdə Çinin Rusiya üçün dəyəri daha da artacaq.

Ancaq Çin batan Rusiya iqtisadiyyatını xilas etmək üçün qapılarını tam açacaqmı?

“Çin hamı üçün, o cümlədən tərəfdaşları üçün də heç zaman daxili bazarının qapılarını açmadı. Ona görə də Kremlin Çinlə bağlı gözləntiləri özünü doğrultmaya da bilər” – deyə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir.

Bu arada, Qərbin Çinlə bağlı başqa narahatlığı var. Qərb ölkələrində hesab edirlər ki, Pekin Rusiya-Ukrayna müharibəsindən “səmərəli” istifadə etməyə çalışacaq. Söhbət Çinin Tayvanı ram etməsindən gedir. Çin Tayvan adasını özününkü sayır və ada ətrafında hərbi gücünü artırır. Bəzi ekspertlərin fikrincə, Çin yaxın 10 ildə Tayvanı ələ keçirmək üçün hazırlıqlarını sürətləndirib. Ancaq Rusiya-Ukrayna müharibəsi Pekin öz planını daha tez reallaşdırmağa həvəsləndirə bilər. Dünyanın diqqəti Ukraynada və Rusiyada ikən Çin əsas probleminin həllinə girişə bilər.

“Tayvan hökuməti də Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyir. Çin hərbi təyyarələri ada ətrafında uçuşlarını intensivləşdiriblər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günü Çinin hərbi təyytarəsi Tayvan adası üzərində kəşfiyyat uçuşu həyata keçirib” deyə Elxan Şahinoğlu bildirir.

Şahinoğlunun sözlərinə görə, bu vəziyyətdə ABŞ Ukrayna ilə yanaşı Tayvanı da silahlandırmaq qərarı verəcək. Onsuz da Vaşinqton illərdir Tayvana hərbi yardım edir. Ancaq son hadisələr fonunda bu yardımın miqyası artacaq. Bu isə Çinlə ABŞ arasındakı münasibətləri daha da gərginləşdirəcək. ABŞ-ın keçmiş prezidenti Donanld Tramp da hesab edir ki, Pekin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öz məqsədləri üçün istifadə edəcək. “Ukraynadan sonra işğal növbəsi Tayvana çatacaq” deyən Ağ Evin keçmiş sahibi Pekinin istənilən an Tayvana hücum edəcəyini bildirib.

“Kreml Ukraynaya hərbi müdaxilənin bütün rinqlərini hesablamadı. Ukrayna ordusu və cəmiyyəti Rusiya işğalına ciddi müqavimət göstərir və dünyanın təqdirini alır. Digər tərəfdən müharibə Rusiya iqtisadiyyatını uçuruma aparır. Pekin bütün bunları diqqətlə müşahidə edir. Çinin əhalisi Rusiyanın əhalisindən azı 10 dəfə çoxdur. Kremldən fərqli olaraq Pekin ölkə iqtisadiyyatının sabitliyinə önəm verir. Ona görə də Pekin Tayvanı ələ keçirmədən öncə üzləşəcəyi bütün riskləri hesablamaq məcburiyyətindədir” – deyə, siyasi şərhçi bildirir.

Son xəbərlər
Digər xəbərlər