Ukrayna hərbi-siyasi komandanlığının Xersonun azad edilməsindən sonra Silahlı Qüvvələrin əks-hücumunu dayandıracağına dair heç bir əlamət yoxdur.
ABŞ-ın “Nyu-York Tayms” qəzetinin yazdığına görə, Ukrayna qüvvələri Zaporojye vilayəti və Donbas istiqamətində irəliləməyin yollarını nəzərdən keçirir.
“Müharibənin məntiqi dayanmamaq və birtəhər irəliləməyə davam etməkdir. Düşünürəm ki, başqa istiqamətlərdə də əks-hücumlar olacaq ki, düşmənin ehtiyatları ötürməyə və zərbələri əngəlləməyə vaxtı olmasın”, – deyə Donbasın şərqindəki Baxmut şəhəri istiqamətində döyüşən hərbi hissənin bölmə komandiri, baş leytenant Andrey Mixeyçenko bildirib.
Kiyevdə əmindirlər ki, Rusiya işğal olunmuş ərazilərdə möhkəmlənmək üçün istənilən pauzadan istifadə edəcək. Hazırda analitiklər qışda hərbi əməliyyatların gedişi ilə bağlı ziddiyyətli proqnozlarla çıxış edirlər. Məsələn, bir gün əvvəl Müharibə Araşdırmaları İnstitutu yazmışdı ki, Ukrayna Silahlı Qüvvələri donmuş torpaqla payızın yağış və bataqlıq dövründə olduğundan daha sürətli hərəkət edə biləcək. Digər ekspertlər hesab edir ki, yazda döyüşləri bərpa etmək üçün hər iki ordu qışda “əməliyyat pauzası” verəcək.
Bir məqamda analitiklər razılaşırlar ki, fasilə olub-olmamasından asılı olmayaraq, müharibənin növbəti mərhələsi son dərəcə şiddətli olacaq.
“Qarşıdan gələn qışda müharibə dayanmayacaq. Amma mübarizə fərqli tempdə aparılacaq. Bu da siyasi və hərbi liderlərə amansız və qanlı olacağı ehtimal olunan bir il üçün plan qurmaq imkanı verir”, – deyə Avstraliya Ordusunun təqaüdə çıxan general-mayoru Mika Rayan bildirib.
Noyabrın 11-də Ukrayna prezidenti Vladimir Zelenski Xersonun azad edildiyini təsdiqləyib.
Komandanlığın məlumatına görə, noyabrın 11-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda təxminən 3 min kvadratkilometr ərazini rus işğalçılarından azad edib. Bəzi bölgələrdə qaçan rus hərbçilərinin axtarışları davam edir.
Rusiyanın danışıqlara başlamaq cəhdlərinin artması fonunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Ukrayna “müharibəni dondurmaq” niyyətində deyil.