Ukrayna Rusiya ilə ticarət əlaqələrini rəsmi olaraq dayandırıb. Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkonun bəyanatına əsasən, iki ölkə arasında ticarət faktiki olaraq fevralın 24-də dayanıb.
Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.
Ticarətin dayandırılması ilə bağlı qərarı aprelin 9-da Nazirlər Kabineti qəbul edib. Sviridenkonun sözlərinə görə, o, hər il Rusiyanın valyuta gəlirlərini ən azı 6 milyard dollar bloklayacaq.
“Çox vacib qərar qəbul edilib. Bu, Rusiya Federasiyası ilə fevralın 24-də baş vermiş ticarət əlaqələrinə faktiki xitam verilməsinin hüquqi təsdiqidir”, – deyə nazir söyləyib.
Xatırladaq ki, fevralın 24-ü Ukrayna Rusiya ilə diplomatik əlaqələrini dayandırdığını açıqlamışdı. Bu təşəbbüs Kiyevdə hələ fevralın 22-si, Rusiya Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini elan edəndə səsləndirilmişdi.