Ukrayna Baş nazirinin müavini, infrastrukturun inkişafı naziri Oleksandr Kubrakov və xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Qara dənizdə gəmilərin hərəkətinə mane olması ilə bağlı birgə bəyanat yayıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Ukrayna Rusiya Federasiyasının Qara dəniz taxıl dəhlizinin işinin ləngiməsi, ümumilikdə Qara Dəniz Taxıl Sazişinə, Qara dənizdə daşımalara və ərzaq məhsullarının dünya bazarlarına sərbəst çıxışına mane olması ilə nəticələnən hərəkətlərindən dərin narahatlıq keçirir.
İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki təftiş qruplarının tərkibində olan Rusiya nümayəndələri ardıcıl olaraq bir neçə aydır ki, Bosfor boğazından Ukrayna limanlarına gedən və ya oradan gələn gəmilərin yoxlanılmasını qəsdən ləngidir. Onlar tez-tez qaydalara uyğun olmayan sənədləşmə tələb edir, iş vaxtı işləməkdən imtina edir, yoxlamanı dayandırmaq üçün başqa əsassız səbəblər axtarırlar. Hər gün planlaşdırılan 10 yoxlamanın yalnız yarısı həyata keçirilir”, – bəyanatda qeyd olunur.
Birgə bəyanatda vurğulanır ki, bütün bu hərəkətlər “Taxıl Sazişi” çərçivəsində yük dövriyyəsinin sistematik şəkildə azalması ilə nəticələnib: “Təkcə son üç ayda dünya 10 milyon tondan az Ukrayna ərzağı alıb və bu mənfi tendensiya getdikcə güclənir.
Rusiya tərəfindən yoxlamaların gecikməsi səbəbindən Bosforda 140-dan çox gəminin sorğusu yığılıb ki, onların da böyük əksəriyyəti bir aydan çoxdur orada gözləyir. Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracından asılı olan ölkələrin ərzaq təhlükəsizliyi təhdid altındadır”.
Nazirlər bəyanatda bildirir ki, Rusiyanın hərəkətləri ilə qlobal cənub ölkələrində, xüsusilə Afrika və Asiyada ərzaq qıtlığına səbəb olur.
“Ukraynanın liman infrastrukturunu məhv etməklə, Ukraynanın cənub bölgələri üçün Qara dənizdən təhlükəsizlik riskləri yaratmaqla və Qara dəniz taxıl dəhlizinin işinə müdaxilə etməklə, Moskva Rusiyanın Qara dəniz limanlarından, maneəsiz gəmiçilik imkanından istifadə edir. 2022-ci ildə Azov və Qara dənizlərdə Rusiyanın dəniz limanları vasitəsilə daşımaların həcmi 250 milyon tondan çox olub ki, bu da 2021-ci ilin göstəricilərini üstələyib. Eyni zamanda, Bosforda bu gəmilərə baxış keçirilmir. Bütün bunlar Rusiyaya Ukraynaya qarşı müharibəni davam etdirməkdə hərbi malların qəbulu üçün ticarət gəmilərindən istifadə etməyə imkan verir.
Biz beynəlxalq ictimaiyyəti, xüsusən də Qara Dəniz Taxıl Sazişinin təminatçısı olan BMT və Türkiyəni Rusiya Federasiyasından Qara dəniz taxıl dəhlizinin işindəki gecikmələri dərhal dayandırmağı, Rusiyanın ərzaqdan istifadə cəhdlərini dayandırmağı tələb etməyə çağırırıq”.