Ukrayna Prezidenti Volodimir Zelenski əksəriyyəti Rusiya vətəndaşları və rezidentləri olan 95 fiziki, 70 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə “RBK-Ukrayna” “Telegram” kanalı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli şirkət və rəhbərlərinə, xüsusilə rabitə, radioelektron mübarizə, mikroelektronika, eləcə də kimya, metallurgiya, mədənçıxarma və yanacaq-energetika sənayesi sahələrində fəaliyyət göstərən qurumlara şamil olunur.
“Bu sanksiyaların məqsədi Rusiyanın hərbi sənaye kompleksinin fəaliyyətini çətinləşdirmək və Ukraynaya qarşı müharibə üçün silah istehsalını məhdudlaşdırmaqdır”, – məlumatda deyilir.
Ukrayna, eyni zamanda, tərəfdaşları ilə məhdudiyyətlərin sinxronlaşdırılması üzərində işləyir. Bu məhdudiyyətlərin bir hissəsi Avropa İttifaqının 20-ci sanksiyalar paketinə daxil edilə bilər.






