Kiyev ötən həftənin sonunda dayandırılmış Ukraynanın ərzaq məhsullarının Polşa ərazisindən tranzitinin bərpasına dair Varşava ilə razılığa gəlib.
Bunu Ukrayna Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko Varşavada Polşa hökumətinin nümayəndələri ilə danışıqlardan sonra deyib.
“Danışıqlar nəticəsində qərara alınıb ki, bu il aprelin 21-dən aprelin 22-nə keçən gecə Ukraynanın kənd təsərrüfatı mallarının Polşa ərazisindən tranziti blokdan çıxarılsın ”, – o bildirib.
Baş nazirin müavini əlavə edib ki, rəsmi Varşava Ukrayna məhsullarının Polşa ərazisindən daşınmasının texniki aspektləri barədə məlumat verəcək.
Polşa və Macarıstan aprelin 16-da Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa tətbiq olunduğunu elan ediblər. Polşa həmçinin Ukrayna ərzaq məhsullarının öz ərazisindən üçüncü ölkələrə tranzitini dayandırdığını açıqlayıb.