27 C
Baku
Thursday, July 18, 2024

Ukrayna “Vahid İqtisadi Məkan sazişi”ndən çıxa bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya (parlament) “Vahid İqtisadi Məkan sazişi”ndən rəsmən çıxmaqla bağlı müraciət edib.

Bu barədə məlumat Ukrayna parlamentinin saytında dərc olunan sənəddə əksini tapıb.

Belə müraciətin olunmasına səbəb kimi Rusiya və Belarusun sazişi, o cümlədən sazişin özündə ölkələrarası dostluq münasibətlərini əks etdirən bəndləri pozması göstərilib.

“Vahid İqtisadi Məkanın yaradılması haqqında 2003-cü il sentyabrın 19-da Yaltada bağlanmış sazişdən çıxılsın”, – Zelenskinin ünvanlandığı müraciətdə deyilir.

Həmçinin o da əlavə olunub ki, sənəd baxılması üçün artıq müvafiq komitəyə yönləndirilib.

Qeyd edək ki, Ukrayna qanunlarına əsasən, parlamentin ratifikasiya etdiyi sazişdən çıxmaq barədə qərarı Ali Rada qanun şəklində qəbul etməlidir.

Xatırladaq ki, 2003-cü il sentyabrın 19-da Rusiya, Belarus, Qazaxıstan və Ukrayna prezidentləri Vahid İqtisadi Məkanın yaradılması haqqında saziş imzalayıblar.

Ukrayna Ali Radası sənədi 20 aprel 2004-cü ildə ratifikasiya edib, lakin sonradan Ukrayna Vahid İqtisadi Məkanın formalaşdırılması prosesini tərk edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər