15 C
Baku
Friday, May 3, 2024

Ukraynada baş verənlər Azərbaycana daşımalara necə təsir göstərir?

Hazırda Ukrayna ərazisində baş verən hərbi əməliyyatların beynəlxalq yük daşımalarına, o cümlədən Azərbaycana daşımalara nə dərəcədə təsir edəcəyi aktual suallar arasındadır.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib ki, bizim dəhlizlə heç bir daşıma dayandırılmayıb.

“Hər şey qaydasındadır. Necə gedirdisə, elə də ştat rejimdə işləyir”, – R. Bayramov bildirib.

O əlavə edib ki, söhbət yalnız yerüstü və dəniz daşımalarından gedir. Çünki hazırda Ukrayna tərəfindən heç bir aviadaşımalar aparılmır.

“İndiki halda nə isə demək çətindir. Gürcüstan, Azərbaycan, Qara dəniz hövzəsində daşımalar həyata keçirilir. Ukrayna haqqında isə hələlik söz demək tez olar. Çünki hazırda prosesin qızğın fazası gedir. Biz Azərbaycanın Ukraynadakı səfirliyi ilə də əlaqə saxlamağa çətinlik çəkirik”, – deyə R.Bayramov əlavə edib.

Xatırladaq ki, Ukrayna parlamenti 2017-ci ildə Qara və Xəzər dənizləri bölgəsində dəmir yolu-bərə nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında sazişi ratifikasiya edib. Ukrayna “Yeni İpək yolu” (Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan xətti) dəhlizi çərçivəsində dəmiryol-bərə yükdaşımaların sayını da artırır. 2019-cu ildə isə Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub.

Qeyd edək ki, hazırda Azərbaycan da daxil olmaqla 6 ölkə (Ukrayna-Özbəkistan-Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu üzrə) “Vahid Tranzit Sazişi”nə qoşulmaq niyyətindədir. Bu saziş avtomobil yükdaşımalarının ölkələr arasında rəqəmsal sənəd üzərindən həyata keçirilməsini nəzərdə tutur. İndi isə Türkiyədən Orta Asiyaya yükdaşıma həyata keçirilirsə, həmin yükdaşıyıcı hər bir ölkədən tranzit icazəsini almalıdır. Bu saziş imzalandığı təqdirdə artıq proses daha səmərəli olacaq. Həm maliyyə, həm də vaxt baxımından qənaət ediləcək.

Növbəti mərhələdə TRACECA çərçivəsində başqa ölkələr də həmin sazişə qoşula bilər.

Xatırladaq ki, TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir.

 

 

Mənbəreport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər