“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) Ukraynadakı müharibə səbəbi ilə Almaniyaya gələrək, sığınacaq istəyən üçüncü ölkə vətəndaşlarının işinə baxır. Onların arasında Azərbaycan Respublikası vətəndaşları da var”. Bunu Avropa bürosuna BAMF-ın mətbuat katibi Stefan von Borstel deyib. Onun sözlərinə görə, hazırda Ukraynadakı müharibə səbəbi ilə Azərbaycan Respublikası vətəndaşları da daxil olmaqla digər ölkələrdən gələnlərin geri qayıtma imkanları araşdırılır.
“Ukraynadan gələn azərbaycanlılar da Almaniyada yaşamaq icazəsi ala bilərlər. Lakin bunun üçün qanunvericiliklə müəyyən olunan müəyyən şərtlər var. Almaniya o kəslərə qaçqın statusu verir ki, onlar 24 fevral 2022-ci il tarixinədək Ukraynada yaşayıblar. Onlar həm Ukrayna, həm də digər ölkələrin vətəndaşları ola bilərlər. Lakin Azərbaycan vətəndaşları kimi, Ukrayna vətəndaşlığı olamayan digər şəxslərin öz vətənlərinə təhlükəsiz bir şəkildə qayıda bilməsi mümkündürsə, həmin şəxslər Almaniyanın təklif etdiyi sığınacaq hüququndan yararlana bilməzlər. Bu katerqoriyaya turist vizası ilə səfər edənlər və ya qısamüddətli qazanc gətirən işlə əlaqədar Ukraynada qalan şəxslər, Ukraynada təhsil alan tələbələr də daxildir”, – deyə, BAMF sözcüsü qeyd edib.
Stefan von Borstel bildirib ki, 24 fevraldan əvvəl Ukraynada yaşadığını sübut edə bilməyən şəxslər birmənalı olaraq Almaniya Federativ Respublikasının Yaşayış Haqqında Qanununun 24-cü maddəsinə uyğun müdafiə hüququndan yararlana bilməzlər.
BAMF sözcüsü vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzkar müharibəsi başlayandan Almaniyaya qaçan insanların qeydiyyatı hazırda federal əyalətlərin bələdiyyələri tərəfindən sürətlə aparılır.
Son bir neçə həftə ərzində Federal Miqrasiya və Qaçqınlar İdarəsi Əcnəbilərin Mərkəzi Reyestrindən Ukraynadan qaçan insanların qiymətləndirilməsini həyata keçirmək üçün texniki həll yolunu hazırlayıb. Buna əsasən, müharibə başlayandan 30 aprel 2022-ci il tarixinədək Əcnəbilərin Mərkəzi Reyestrində 610 103 nəfər qeydiyyata alınıb. Onlardan 600 168-i Ukrayna vətəndaşıdır (98,4 faiz).