Neft qiymətləri həftənin son iş günü təxminən 2% yüksəlib. Səbəb Ukraynanın Novorossiysk – Rusiyanın Qara dənizdəki əsas ixrac limanına dron hücumu nəticəsində neft anbarının zədələnməsi və təchizatla bağlı narahatlıqların artmasıdır.
Banker.az xəbər verir ki, Brent nefti 1,24 dollar və ya 1,97% bahalaşaraq 64,25 dollar, WTI isə 1,25 dollar və ya 2,13% artaraq 59,94 dollar olub.
Hücum limandakı gəmiyə, yaşayış binalarına və neft anbarına ziyan vurub, üç heyət üzvü xəsarət alıb. “Sparta Commodities”in analitiki Cyun Qoh bildirib ki, Novorossiysk Rusiyanın ikinci ən böyük neft ixrac mərkəzidir və burada hücumların artması həm xam neft, həm də neft məhsullarının ixracında azalmalara səbəb ola bilər.
Artım öncəsi Brent və WTI çərşənbə günü təxminən 3% ucuzlaşmışdı. Buna OPEC-in 2026-cı ildə qlobal neft təklifinin tələblə balanslaşacağına dair hesabatı səbəb olmuşdu.
Həftəlik nəticədə Brent 0,94%, WTI isə 0,28% yüksəlib.
ABŞ Enerji İnformasiya İdarəsi ötən həftə xam neft ehtiyatlarının gözləniləndən çox – 6,4 milyon barel artdığını açıqlayıb. Benzin və distillat ehtiyatları isə gözləntilərdən az azalıb.
Qərb sanksiyalarının Rusiyanın neft ixracına təsiri də diqqətdədir. ABŞ Ukraynanın danışıqlara məcbur edilməsi məqsədilə “Lukoil” və “Rosneft”ə sanksiya tətbiq edib. Noyabrın 21-dən bu şirkətlərlə əməliyyatlar qadağan olunur.
Nüfuzlu “JPMorgan”ın məlumatına görə, ABŞ sanksiyaları səbəbilə təxminən gündəlik 1,4 milyon barel Rusiya nefti tankerlərdə yığılıb qalır və boşaltma prosesi ləngiyir. Bank bildirib ki, 21 noyabr tarixindən sonra yüklərin boşaldılması daha da çətinləşəcək.







