Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə Məcəlləyə yeni maddə (428-1. Turizm haqqında qanunvericiliyin pozulması) əlavə edilir.
Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə – fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə – iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək..
Qanunun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə – üç yüz manat məbləğində cərimə ediləcək.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə – iki yüz manat məbləğində cərimə ediləcək.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.