Təraşın tarixi insanlığın yaranma yaşı qədər qədimdir. Təqribən 20 000 il əvvəl əcdadlarımız üzlərindəki tüklərdən azad olmağa başladılar. Bu zaman insanlar kənarı iti olan daşlardan və balıqqulaqlarından primitiv ülgüc olaraq istifadə etməyə başladılar.
Sürətli proses başlanır. Bizim eradan əvvəl 1100-cü ildə Avropada artıq indiki ülgüclərin əcdadlarından istifadə etməyə başladılar. Təqribən bizim eradan 330-cu ildə Makedoniyalı İskəndərin hökmranlığı dövründə yunanlar və romalılar təraş olmaq üçün misirlilərin üsulundan – bürünc sıyırıcılardan istifadə etməyə başladılar. Döyüşçülər bu zaman tək saqqallarını deyil, saçlarını da keçəl qırxmağa başladılar. Çünki dava zamanı düşmənlər onların saçlarından dartırdılar. O dövrdən etibarən üzü tüklü və təraş olmayan insanları “barbar” adlandırmağa başladılar. “Barbar” sözü də latın dilindən tərcümədə saqqal mənasını verir.
Növbəti əsrlər ərzində ülgücün forması və hazırlandığı material da dəyişikliyə məruz qaldı. Lakin ümumilikdə çox iti ülgücdən istifadə bir çox insanlar üçün hələ də əlverişli və rahat deyildi. İlk dəfə dənizçilər dənizdə iti ülgücü üzdə gəzdirməyin təhlükəli olduğunu aşkarlamışdılar. Bu səbəbdən onlar dənizdə olarkən təraş etməkdən imtina etdilər. Qədim yunanlar təraş olmaq üçün xüsusi salonlar açmışdılar. Zamanla bu salonlar böyük sosial əhəmiyyətə sahib təşkilatlara çevrildi. İnsanlar burada toplaşır, bir-biri ilə məlumat mübadiləsi aparır, söhbət edir və qəzet oxuyurdu. Lakin zamanla buraya toplaşan insanlar da sosial qruplaşmaya məruz qaldı. Belə ki, buraya artıq əhalinin orta və nisbətən aşağı təbəqəsi toplaşırdı. Yüksək elita isə xüsusi təraş edən xüsusi xidmətçilərə sahib idilər və hər hansı bərbərxanaya şəxsən getmək məcburiyyətindən uzaq idilər. XVIII əsrdən etibarən İngiltərənin Sheffield şəhəri, sonradan isə Almaniyanın Solingen şəhəri ülgüc istehsalında ixtisaslaşmışdı. Bu zaman istehsal edilən ülgüclərin növlərinin sayı o qədər çox idi ki, onların inkişaf tarixini araşdırmaq çətindir.