Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib ki, Ukrayna nümayəndə heyəti amerikalı tərəfdaşları Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumları barədə məlumatlandırıb.
Banker.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Umerovun sözlərinə görə, iki gün ərzində o, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov və hakim “Xalqın Xidmətçisi” fraksiyasının sədri David Arahamia ilə birlikdə ABŞ-da işgüzar səfərdə olub.
O qeyd edib ki, məsləhətləşmələrdə Amerika tərəfini ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, Trampın kürəkəni Cared Kuşner, ABŞ Ordusunun naziri Daniel Driskoll və Ağ Evin əməkdaşı Coş Qruenbaum təmsil edib.
“Biz amerikalı tərəfdaşlarımıza Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumları barədə məlumat verdik”, – deyə Umerov bildirib.
Onun sözlərinə görə, görüşlər zamanı iqtisadi inkişaf və rifah planı, eləcə də Ukrayna üçün təhlükəsizlik təminatları ətraflı şəkildə müzakirə olunub. Umerov vurğulayıb ki, diqqət bu mexanizmlərin praktiki həyata keçirilməsi və icrasına yönəlib.
“Razılaşdıq ki, növbəti mərhələdə Davosda keçiriləcək məsləhətləşmələr zamanı işçi qruplar səviyyəsində işi davam etdirək”, – deyə MTMŞ katibi əlavə edib.






