18.2 C
Baku
Tuesday, May 13, 2025

Ümumdünya Ticarət Təşkilatı qlobal ÜDM artım proqnozunu azaldıb

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) iqtisadçıları 2025-ci ildə dünya ÜDM-nin artım proqnozunu ABŞ-nin idxal rüsumları və onlara qarşı cavab tədbirləri səbəbindən 2,8%-dən 2,2%-ə endiriblər.

Bu barədə ÜTT-nin 2025 və 2026-cı illər üçün qlobal ticarət perspektivləri haqqında hesabatında deyilir.

Qeyd olunub ki, təşkilatın mütəxəssisləri yeni rüsumların tətbiqi və ticarət siyasətində qeyri-müəyyənliyin artması sonucunda proqnozlarını azalma istiqamətində düzəltməli olublar.

“Baza proqnozu 2025-ci ildə bazar məzənnələri üzrə dünya ÜDM-nin artımının 2,8% səviyyəsində qalacağını nəzərdə tuturdu. Düzəlişdən sonra 2025-ci ildə ÜDM artımı 2,2% təşkil etməlidir ki, bu da baza proqnozundan 0,6 faiz bəndi aşağıdır”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10%-lik universal rüsumlar aprelin 5-də, fərdi rüsumlar isə aprelin 9-da qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25% həcmində gömrük rüsumları tətbiq edib.

Aprelin 9-da Tramp bir sıra ölkə və ərazilərə qarşılıqlı prinsip əsasında tətbiq edilən əlavə idxal rüsumlarının 90 gün müddətinə dayandırıldığını bildirib. Ağ ev izah edib ki, bu fasilə ticarət danışıqlarının aparılması ilə əlaqədardır və bu müddətdə 10% həcmində universal rüsum qüvvədə olacaq. Eyni zamanda, ABŞ Prezidenti Çin məhsullarına tətbiq olunan rüsumları 125%-ə qədər artırıb. Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-yə fentanil qaçaqmalçılığı ilə mübarizədə guya yetərincə səy göstərməməsi səbəbindən əvvəllər tətbiq edilmiş 20% həcmində rüsumu nəzərə alsaq, hazırda ÇXR-dən gələn mallara ümumi rüsum 145%-ə çatır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər