Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan tələb olunan sənədlərin siyahısı genişləndirilib.
Bununla bağlı Prezident İlham Əliyev “Pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə Əsasnaməyə 3.2.6-cı yarımbənd əlavə edilib. Yarımbəndə əsasən, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:
Ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış tələb olunacaq.
Qeyd edək ki, əvvəlki Əsasnamədə ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunurdu:
3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (1 və 2 nömrəli əlavələr);
3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi
3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə – bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;
3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.