“Unibank” ASC 2021-ci ilin ilk rübünü 591 min manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövründən 6 milyon 322 min manat mənfəətlə çıxmışdı.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-mart aylarında “Unibank”ın gəlirləri 32 milyon 911 min manat (illik müqayisədə 16.4% çox), xərcləri 28 milyon 794 min manat (18% çox) təşkil edib. Ötən ilin eyni aylarında bankın cəmi gəlirləri 28 milyon 279 min manat, cəmi xərcləri 24 milyon 460 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il yanvarın 1-nə “Unibank”ın aktivləri 839 milyon 106 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2.9% çoxdur. Bunun 612 milyon 826 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ilin 3 ayında Bankın kredit portfeli 8% böyüyüb.
Hesabat dövründə “Unibank”ın öhdəlikləri 3.1% artaraq 741 milyon 407 min manat, o cümlədən kapitalı isə 1% artaraq 97 milyon 699 min manat olub.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
Bankın depozit portfeli cari ildə 7.3% artaraq 560 milyon 659 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri 467 milyon 390 min manat, hüquqi şəxslərin depozitləri 93 milyon 269 min manat olub.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125.686 milyon manatdır. Bankın səhmlərinin 86.4 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13.6 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.