“Unibank” ASC dövriyyədə olan imtiyazlı səhmlərini adi səhmlərə çevirib.
Söhbət hər birinin nominal dəyəri 2,72 manat olan 5 147 100 ədəd səhmdən (14 000 112 manatlıq) gedir.
Bununla da, kredit təşkilatının 119 686 326,72 manatlıq nizamnamə kapitalını təşkil edən 44 002 326 səhmin hamısı adi səhmlərdən ibarət olub.
Qeyd edək ki, oktyabrın 13-də “Unibank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə Banka kənar auditor təyin edilməsi, İdarə Heyətinin tərkibində dəyişikliklər olunması, nizamnamə kapitalının artırılması məsələləri, eləcə də kredit təşkilatının nizamnaməsinə dəyişikliklər edilməsi və xüsusi əhəmiyyətli əqdlər haqqında məsələ daxildir. “Report İA” hesab edir ki, bu baxımdan səhmlərin formasının dəyişdirilməsini yığıncağa hazırlıq kimi də qiymətləndirmək olar.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın “DEG” investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.