06 Noyabr 2019-cu il tarixində “Unibank Kommersiya Bankı” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.
Banker.az Bankın İdarə Heyətinin açıqlamasına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə “Bankın Müşahidə Şurası üzvlərinin tərkibində dəyişiklik edilməsi haqqında”, “Bankın İdarə Heyətinin üzvlərinin tərkibində dəyişiklik edilməsi haqqında”, “Bankın kənar auditorunun təyin edilməsi haqqında”, “Bankın Nizamnaməsində dəyişikliklər edilməsi barədə” və “Bankın imtiyazlı səhmlərinin buraxılması haqqında” məsələlər daxildir.
Xatırladaq ki, “Unibank”ın səhmlərinin 41,91%-i fiziki şəxs olan Eldar Qəribov və 44,48%-i isə Avropa Yenidən Qurma və İnkişaf Bankına (EBRD) məxsudur.
İmtiyazlı səhm nədir?
İmtiyazlı səhm (Preferred share) – Emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində divident almasına təminat verən, emitentin ləğvindən sonra onun qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququ, habelə, səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür.
İmtiyazlı səhmlər üzrə müəyyən olunmuş divident adi səhmdarlara hər hansı bir ödəmə edilməmişdən əvvəl ödənilir. Yuxarıda sadalanan üstünlüklərinə baxmayaraq, bu cür səhmlər səsvermə hüququna malik olmurlar və mənfəət artanda, adi səhmdarlardan fərqli olaraq, imtiyazlı səhmdarların divident gəlirləri artmır.