“Unibank KB” ASC-nin kredit portfelində vaxtı keçmiş kreditlərin payı bir qədər də yüksələrək 2023-cü ilin ilk rübündə 5.6%-dən 6.6%-ə yüksəlib və bu ölkə üzrə orta göstəricidən yuxarıdır.
Banker.az “Unibank”ın 2023-cü ilin 1-ci rübünə olan maliyyə hesabatındakı “Kredit riski” bölməsindəki qeydlərə istinad edərək bildirir ki, bankın 940.57 mln. manat həcmində olan kredit portfelinin 61.79 milyon üzərində olan hissəsi vaxtı keçmiş (gecikmədə olan) kreditlər təşkil edib. Yəni bu kreditlərin ödəniş vaxtı 30 günü ötüb.
Azərbaycan Mərkəzi Bankının 1 aprel 2023-cü il tarixinə olan göstəricilərinə görə, kredit təşkilatlarında ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 2.9% təşkil edir. Yəni, gecikmədə olan kreditlərin kredit porfelinə nisbətinə görə ölkə üzrə ortalama 2.9% təşkil etdiyi halda, “Unibank”da bu göstərici 6.6% təşkil edir.
Kommersiya bankın kreditləşmədə əsas hədəfi illərdir ki, istehlak, yəni fiziki şəxslərə verilən nağd kreditlərdir və portfelin əsas problemli hissəsi də həmin şəxslərə verilən kreditlərlə bağlıdır. 2023-cü ilin birinci rübündə 578.87 milyon manatlıq istehlak kreditlərinin 8.2%-i ( 47.51 mln. manat) vaxtı keçmiş kreditlərdir. Burada əsas məsələ də budur ki, istehlaka verilən kreditlərin 97%-i təminatsızdır.
İstehlak kreditlərinin 26.99 milyon manatlıq hissəsi 121 gün üzərində vaxtı keçmiş kreditlərdir və bu “təhlükəli” kateqoriya ilə təsnifləşdirilir. İlk rübün əvvəlində bu rəqəm 20.74 mln. manat idi. Vaxtı keçmiş kreditlərin 150 günü keçmiş hissəsi isə 16.71 mln. manatdan 22.91 mln. manata yüksəlib və bu da “ümidsiz” kredit kimi təsnifləşdirilir.
Hazırda maliyyə bazarlarının requlyatorunun aktiv olan – “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na görə, istehlak kreditlərində 121 – 150 gün təhlükəli və 150 gündən artıq olan hissəsi isə ümidsizdir.
Aktivlərdə “pisləşmə” “Unibank”ın biznes kreditlərində də müşahidə edilir. 1 aprel 2034-cü il tarixinə 289.8 mln. manatlıq biznes kreditlərinə sahib olub. Bu kreditlərin vaxtı keçən hissəsi 13.84 mln. manatdır ki, ümumi biznes kreditlərinin 8.2%-dir. 2023-cü ilin birinci rübünün əvvəlinə vaxtı keçmiş biznes kreditlərinin ümumi biznes kreditləri portfelində payı 6.9% idi.
Amma biznes kreditlərində riskləri neytrallaşdıran faktor onun təminatlı hissəsinin istehlak kreditindəkindən bir qədər yuxarı olmasıdır. Bankın biznes kreditinin yalnız 150.4 mln. manatı təminzatsızdır.