Unibank indiyədək 43 mindən çox müştəriyə kompensasiya ödəyib. Proses may ayının sonunadək başa çatdırılacaq. Bu haqda “Unibank” KB-nın Pərakəndə biznes üzrə Baş direktoru Heybət Qədirov bildirib.
- “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrası ilə əlaqədar olaraq 20 gündən çoxdur ki, kompensasiyalar verilir. “Unibank”da bu proses necə gedir?
Bildiyiniz kimi kompensasiyaların verilməsinə başlamazdan öncə prosesin əsas iştirakçıları olan Maliyyə Bazarlarına Nəzarət Palatası və iştirakçı banklar müştəriləri məlumatlandırmaq istiqamətində tədbirlər görmüşdülər. Müştərilər Palatanın saytında yaradılmış platformaya daxil olaraq, cox rahat formada onlara düşən kompensasiyanın məbləğini qısa müddət ərzində öyrənə bilirlər. Banklar isə fərmanın əhatə etdiyi müştərilərinə SMS-lər göndərərək, onları kompensasiya alacaqları tarixlərin bildiriləcəyi haqda məlumatlandırdılar. Fərmanın əhatə etdiyi ən çox müştəri sayı Unibankın payına düşür, biz də öz növbəmizdə kompensasiyalar verilməzdən əvvəl müştərilərimizi SMS-lərlə, rəsmi saytımızda və sosial şəbəkələrdə bildirişlərlə və müştəri xidməti vasitəsi ilə xəbərdar etdik. Məqsəd təbii ki, müştərilərin filiallarda vaxt itirməsinin qarşısını almaq və növbəlilik prinsipi ilə daha operativ xidmət göstərməkdir. Unibank olaraq fərmanın icrası ilə bağlı işlərin vacibliyini anlayırıq və icrası üçün bütün resurslarımızı maksimal şəkildə səfərbər etdik. Belə ki, filiallarımız kompensasiyanın verildiyi ilk gündən – 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Xidmətin operativliyini artırmaq üçün filiallar yeni avadanlıq, kompüterlər ilə təmin olunub və əlavə işçilər cəlb olunub. Proses başlayandan bu günə qədər Unibank tərəfindən 43 mindən çox müştəriyə 37 milyon manata yaxın kompensasiya verilib. Bu gün də müştərilərə növbəlilik prinsipi ilə SMS-lərin göndərilməsi davam edir. Müştərilərin banka SMS-də göstərilən tarixdə müraciət etmələri, yarana biləcək növbələri minimuma endirir və müştərilərin vaxt itkisi olmur. Fərmanın əhatə etdiyi heç bir müştərimiz narahat olmasın, cənab Prezidentin fərmanında da nəzərdə tutulduğu kimi proses mayın sonunadək başa çatdırılacaq və hər bir müştəri ona düşən kompensasiya məbləğini əldə edəcək. Biz gündəlik olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məlumat mübadiləsi edirik, fərmanın icrası ilə bağlı görülmüş işlərin hesabatı Palataya göndərilir. Bank olaraq bu prosesdə məsuliyyətimizi dərk edirik və prosesin daha operativ icrası üçün çalışırıq.
Cənab Prezidentin fərmanında da qeyd olunduğu kimi əsas məqsəd müştərilərin kredit yükünün azaldılması, üzləşdiyi maliyyə itkisinin qarşısını almaqdır. İstər vətəndaşlarımızın sosial rifahı, istərsə də bank sektorunun inkişafı üçün son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında icrası bu gün Unibank üçün əsas prioritet məsələdir.
- Kompensasiyaların verilməsi nə qədər sistemli aparılsa da, yəqin ki müəyyən çətinliklər olur. Daha çox hansı suallar ilə qarşılaşırsınız?
Müştərilərin rahatlığı və prosesin daha operativ aparılması üçün ilk gündən bank tərəfindən bütün mümkün tədbirlər görülür. Cənab Prezidentin fərmanı ilə bağlı geniş maarifləndirici işlər aparılsa da, bəzən fərmanın əhatə etmədiyi müştərilər də filiallara müraciət edirlər. Bu müştərilərə geniş və əsaslı məlumat vermək bank əməkdaşlarının müəyyən qədər vaxtını almaqla, filiallarda kompensasiya almağa gələn müştərilərin də növbələrini gecikdirir. Banklar dəfələrlə yalnız kompensasiya tarixi ilə bağlı SMS alan müştərilərin həmin günlərdə banka gəlməsini xahiş etsə də, SMS göndərilməyən müştərilərin filiallara müraciətləri prosesi gecikdirə bilir. Müştərilər fərmanla diqqətlə tanış olsalar və SMS-də qeyd olunan tarixdə bank filiallarına yaxınlaşsalar, proses daha mükəmməl və daha sürətli formada həyata keçirilər. Təbii ki, biz insanlarımızı anlayırıq, hamı ona düşən vəsaiti daha tez almaq istəyir, iş yoldaşının, qohumunun artıq kompensasiya vəsaitini aldığını eşidir və növbə gününü gözləməyə səbri çatmır. Amma narahat olmağa heç bir əsas yoxdur. Çünki fərmanın əhatə etdiyi hər bir müştəri ona düşən kompensasiya vəsaitini alacaq. Bu, dövlətin onlara dəstəyi, kredit öhdəliklərinin azaldılması və xarici valyutada olan kreditləri üzrə itkilərini qarşılamağa yönəldilmiş vəsaitdir. Ola bilər ki, kiminsə növbəsi tanışlarından 1 həftə sonra olsun, amma bütün hallarda bu proses mayın sonunadək yekunlaşdırılacaq. Banklar çalışırlar ki, Prezident fərmanının icrasını nəzərdə tutulduğu vaxtda və operativ şəkildə həyata keçirsinlər və mövcud prosesin sürəti buna nail olunacağına əminlik yaradır.
- Hesablanmış kompensasiya məbləği ilə razılaşmayan və yaxud adı kompensasiya alanlar siyahısında olmayan müştərilərə bankda hansı tövsiyyələr edilir?
Bu müştərilərin banklara müraciət edərək vaxt itirməsinə ehtiyac yoxdur. Belə hallar üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi saytında “Apellyasiya komissiyasına müraciət” bölümü yaradılıb. Kompensasiya məbləğindən narazı olan və yaxud adını sistemdə tapa bilməyən hər bir müştəri, onlayn şəkildə “Apellyasiya komissiyasına” müraciət etməlidir ki, məsələsinə vaxtında baxılsın. Hər bir şikayət komissiya tərəfindən ətraflı araşdırılır.
- Kompensasiyaların verilməsi ilə yanaşı, problemli kreditlərin restrukturizasiyasına da başlanılır. “Unibank”da bu istiqamətdə işlər hansı mərhələdədir?
Bildiyiniz kimi, borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlər ilə – 5 il müddətinə və illik cəmi 1%-lə veriləcək. “Unibank”da artıq bu istiqamətdə proseslərə başlanılıb. Texniki hazırlıqlar başa çatdıqdan sonra, yaxın günlərdə restrukturizasiya prosesinə başlayacağıq.
Fürsətdən istifadə edib bir daha müştərilərə müraciət edirik ki, qətiyyən narahat olmasınlar. Yaxın günlərdə qalan müştərilərimizə də kompensasiya tarixini bildirən SMS-lər göndəriləcək və bu ayın sonunadək hər kəs ona düşən kompensasiya vəsaitini əldə edəcək. Filallarda vaxt itirməmələri üçün müştərilərdən yalnız SMS aldıqdan sonra banka yaxınlaşmalarını xahiş edirik.