“Unibank KB” ASC-nin pərakəndə kredit portfeli həcmi 2025-ci il ərzində 4.3% və ya 31.2 mln. manat artaraq 731.6 mln. manatdan 762.8 mln. manata yüksəlib.
Banker.az bunu bankın kənar auditin verdiyi rəyə istinadən xəbər verir.
Portfelin əsas hissəsini nağd istehlak kreditləri təşkil edib. Bu kreditlərin həcmi illik müqayisədə 13.9% artaraq 389.7 mln. manatdan 443.8 mln. manata çatıb. Nəticədə onların pərakəndə kredit portfelində payı 32.7%-dən 33.3%-ə yüksəlib.
Bunun əksinə olaraq, kartlarla verilən kredit portfeli 14.3% və ya 36.5 mln. manat azalaraq 255.3 mln. manatdan 218.8 mln. manata düşüb. Bu seqmentin ümumi portfeldə payı isə 21.4%-dən 16.4%-ə geriləyib.
İpoteka üzrə kreditlərin həcmi 15.9% artaraq 86.4 mln. manatdan 100.1 mln. manata yüksəlib. Portfeldə payı da 7.3%-dən 7.5%-ə çatıb.
Əlavə olaraq qeyd edək ki, kommersiya bankının pərakəndə kredit portfelinin keyfiyyətində yaxşılaşma müşahidə olunub. Vaxtında ödənilən (hesabatda bu “Mərhələ 1” kimi qeyd edilir) pərakəndə kreditlərin həcmi il ərzində 609.6 mln. manatdan 659.5 mln. manata yüksəlib və bu kateqoriyanın ümumi pərakəndə kredit portfelində payı 83.3%-dən 86.5%-ə çatıb. Problemli (Mərhələ 3) pərakəndə kreditlər isə 56.7 mln. manatdan 36.2 mln. manata enərək 36.1% azalıb.
Pərakəndə biznes “Unibank”ın əsas gəlir mənbəyi olaraq qalır. 2025-ci ildə bu seqment üzrə faiz gəlirləri 2.5% azalaraq 144.8 mln. manatdan 141.1 mln. manata düşsə da, komissiya gəlirləri 11.4% artaraq 95.4 mln. manatdan 106.3 mln. manata yüksəlib.
Nəticədə pərakəndə biznesin ümumi gəlirləri 3.0% artaraq 240.2 mln. manatdan 247.4 mln. manata çatıb.







