“Unibank” ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribov Bankın nizamnamə kapitalındakı payını 41,9%-dən 77,4%-ə çatdırıb.
Bu barədə Banker.az-a Bankdan bildirilib.
Məlumata görə, əvəzində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) payı 44,5%-dən 9%-ə düşüb.
E.Qəribov AYİB-in “Unibank”ın fəaliyyətində xüsusi iştirakının və mühüm rolunun olduğunu vurğulayıb, onun uzun illər “Unibank”ın səhmdarı olduğunu və beynəlxalq maliyyə qurumu kimi Banka öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirdiyini qeyd edib. Onun sözlərinə görə, AYİB ölkə iqtisadiyyatında dəyişikliklərin olduğu 2015-2017-ci illərdə “Unibank”ın iri səhmdarı olaraq, Bankın kapitalının artırılmasında yaxından iştirak edib və dəstəyini göstərib. Bu dəstək nəticəsində “Unibank” həmin dəyişiklik mərhələsindən uğurla keçərək, yenidən ölkənin bank sektorunun aparıcı üzvlərindən birinə çevrilib. MŞ buna görə bütün səhmdarlar adından AYİB-in rəhbərliyinə təşəkkür edib, onun bundan sonra da Bankın səhmdarları sırasında qamasından məmnun olduğunu bildirib.
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə isə, “Unibank”la əməkdaşlıq, təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisya etdiyi, səhmdarı olduğu Azərbaycan banklarından olduğunu xatırladan xanım İ.Duarte vurğulayıb ki, AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan “Unibank”a onun kapitalının gücləndirilməsində iştirak etməklə dəstək göstərib, birlikdə uzun və səmərəli bir yol keçilib. AYİB təmsilçisi bu müddət ərzində “Unibank”ın digər səhmdarları ilə birgə Azərbaycan iqtisadiyyatına dəstək verməkdən, xüsusən də qeyri-neft sektorunun inkişafında yaxından iştirakdan çox məmnun olduqlarını bildirib, bundan sonra da “Unibank”la birgə bu faydalı əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Buna qədər isə səhmdarların bölgüsü belə idi:
44,5% – Avropa Yenidənqurma Və İnkişaf Banki
41,9% – Eldar Qəribov
5,1% – Canley Finance Sa Təşkilati
2,5% – Zemfira Cəfərova
2,5% – Ribel Finance Sa Təşkilati
2,2% – Tsagkamilis Georgios
0,8% – İnna İvaşenko
0,3% – Faiq Hüseynov
0,2% – Emin Quliyev