Nazirlər Kabineti yanında Operativ qərargahın qərar və tövsiyələrini əsas tutaraq, KORONAVİRUS infeksiyasının(COVİD-19) yayılma riskini minimuma endirmək üçün Unibank rəhbərliyinin qərarı ilə bankın Baş ofis (Uniplaza) əməkdaşlarının bir hissəsi 16 mart tarixindən etibarən məsafədən iş rejimində fəaliyyət göstərir. Unibankın baş ofisində 500-dən cox əməkdaş çalışır. Bu barədə Banker.az-a Bankdan deyilir.
Uniplaza müasir standartlara uyğun yeni bina olduğu üçün burda mərkəzləşdirilmiş vahid havalandırma sistemi quraşdırırlıb. Dünya praktikasında da görülmüş faktdır ki, hər hansı bir virusun yayılma riski ümumi havalandırma sistemi olan böyük binalarda daha çoxdur. Unibank rəhbərliyi də bu praktikanı və koronavirusla bağlı ÜST və yerli dövlət orqanlarımızın qərar və tövsiyələrini əsas tutaraq, öz əməkdaşlarının sağlamlığının təhlükəsizliyi üçün belə önləyici tədbirlər həyata keçirir.
Məsafədən işləməsi mümkün olan işçilər evdən işləyirlər, Baş ofisdə fəaliyyətləri zəruri olan əməkdaşların isə şəxsi avtomobil və taksi ilə işə gəlmələri təmin olunub. Uniplazanın birinci mərtəbəsində yerləşən müştəri xidmətlərinin fəaliyyəti də bank əməkdaşlarının sağlamlığının təhlükəsizliyi baxımından dayandırılıb.
Hazırda Bank əməkdaşları tam sağlam şəkildə fəaliyyətlərini davam etdirirlər. Bu gün Unibankın bütün filialları tam tərkibdə müştərilərə xidmət edir. 250-yə yaxın əməkdaş filiallarda müştərilərin xidmətindədir. Unibankın hazırda müştərilərə xidmət edən bütün filiallarında gündəlik dezinfeksiya işləri aparılır. Əməkdaşların və müştərilərin sağlamlığı üçün lazımı tədbirlər görülür.