“Unibank” 2020-ci ilin ilk rübünü 6 milyon 322 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 8 milyon 54 min manat idi. Belə ki, “Unibank”ın mənfəəti 21,5% azalıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Cari ilin yanvar-mart aylarında “Unibank”ın cəmi gəlirləri 28 milyon 279 min manat (illik müqayisədə 2,3% çox), cəmi xərcləri 24 milyon 460 min manat (illik müqayisədə 9,3% çox) olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 503 min manat ayrılıb.
“Unibank”ın cəmi aktivləri bu ilin birinci rübündə 755 milyon 950 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə aktivlərin 4% azalması deməkdir. Bunun 520 milyon 507 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. 3 ayda bankın kredit portfeli 3% artması deməkdir.
2020-ci ilin 3 ayında bankın öhdəlikləri 5,3% azalaraq 659 milyon 767 min manat, o cümlədən depozit portfeli 8,3% azalaraq 486 milyon 768 min manata düşüb, cəmi kapitalı isə 7% artaraq 96 milyon 178 min manata çatıb.