“Unibank” KB ASC 2025-ci ilin üçüncü rübündə müştərilərə verdiyi kreditlərin həcmi ilin əvvəlindən 1 milyard 154,5 milyon manatdan 1 milyard 254,8 milyon manata yüksəlib.
Banker.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Bu, 100,3 milyon manat və ya 8,7%-lik artım deməkdir. Portfelin strukturunda istehlak kreditləri 644 milyon manatla əsas paya sahib olub, ötən ilin sonu ilə müqayisədə 4,1% artıb. Biznes kreditləri 509,5 milyon manata çataraq 16,6%-lik artım nümayiş etdirib. Daşınmaz əmlak kreditlərinin həcmi isə 101,3 milyon manatla sabit qalıb.
Eyni zamanda, bankın depozit portfeli də bir qədər artaraq 1 milyard 232,1 milyon manata çatıb. Bunun 1 milyard manatdan çoxu fiziki şəxslərin əmanətləridir.
Cari dövrdə faiz gəlirləri 183,6 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur. Gəlirlərin əsas hissəsi – 174,6 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub. Depozitlər və cəlb edilmiş vəsaitlər üzrə xərclər ümumilikdə 73,6 milyon manat olub, bu da ötən illə müqayisədə 30%-ə yaxın artım deməkdir. Nəticədə bankın xalis faiz gəliri 104,8 milyon manat təşkil edib.
Xatırladaq ki, “Unibank” 2025-ci ilin ilk üç rübündə 15,4 milyon manat xalis mənfəət əldə edib.