İnvestisiya şirkəti “Unicapital”ın 2022-ci ildə gəlirlərinin azalması səbəbindən xalis mənfəəti azalıb, lakin şirkət aktivlərini illik müqayisədə xeyli böyüdüb.
Banker.az bu barədə “Unicapital İnvestisiya Şirkəti” ASC-nin illik audit hesabatına istinad edir. Hesabatı “Baker Tilly” audit şirkəti aparıb.
Hesabat ilində “Unicapital”ın effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış faiz gəliri 311 min manat (illik müqayisədə: 54% az), haqq və komissiya gəlirləri 1 mln. 951 min manat (55% çox), qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə xalis gəlir 533 min manat (49% az) olub ki, bu da cəmi olaraq investisiya şirkətinin 2 mln. 794 min manat gəliri olub. 2021-ci ildə onun cəmi gəlirləri 2 mln. 984 min manat idi.
“Unicapital”ın işçi heyəti üzrə xərcləri illik müqayisədə 34% artaraq 1 mln. 421 min manat, ümumi və inzibati xərclər 51% artaraq 679 min manat olub.
Nəticədə “Unicapital” investisiya şirkəti ildə 407 min manat xalis mənfəət əldə edib. Bu 2021-ci ili üzrə nəticədən – 897 min manatdan 55% aşağıdır.
İnvestisiya şirkəti 2022-ci ildə işini mənfəətlə davam etməklə yanaşı, bölüşdürülməmiş mənfəətindən səhmdarına 800 min manat dividend elan edib. O, səhmdarına öncəki ildə 1 mln. 112 min manat dividend elan etmişdi. 1 yanvar 2023-cü il tarixinə 1 mln. 43 min manatlıq bölüşdürülməmiş mənfəət var.
“Unicapital” keçən il aktivlərinin həcmini 79% artırmaqla 18 mln. 389 min manata çatdırıb. Aktivlərində ən böyük artım investisiya qiymətli kağızlardadır. 2022-ci ilin əvvəli 3 mln. 790 min manat olan portfel, ilin sonuna 8 mln. 187 min manata yüksəlib. İnvestisiya qiymətli kağızlar portfelinin əsas hissəsi – 6 mln. 385 min manatı dövlət istiqrazlarıdır.
Şirkətin cəmi öhdəliklərinin həcmi isə 16 mln. 902 min manatdır.