“Unicapital İnvestisiya Şirkəti” ASC-nin xalis mənfəəti azalıb. Şirkət 2023-cü ildə cəmi 224 min manat xalis mənfəət əldə edib. Bu, 2022-ci ildə 407 min manat idi.
Banker.az bu barədə investisiya şirkətinin illik audit hesabatına istinadən xəbər verir.
Şirkətin 2023-cü il üzrə xalis mənfəəti son 4 ilin minimumudur. İllər üzrə xalis mənfəət:
-
- 2019: 393 min manat
- 2020: 521 min manat
- 2021: 897 min manat
- 2022: 407 min manat
Xalis mənfəətin düşməsinə səbəb xərclərin gəlirlərlə müqayisədə daha çox yüksəlməsidir. Hesabat ilində şirkətin xalis faiz gəlirləri 119 min manat (2022: 158 min manat), qeyri-faiz gəlirləri isə 2 mln. 590 min manat (2022: 2 mln. 484 min manat) təşkil edib.
Bununla belə, şirkətin qeyri-faiz xərcləri illik müqayisədə 13 faiz artımla 2 milyon 414 min manat olub. 1 yanvar 2024-cü il tarixinə kapital balansında 1 mln. 267 min manat bölüşdürülməmiş mənfəət var.
Şirkətin cəmi kapitalı 1 710 min manat, aktivləri 20 427 min manat, öhdəlikləri isə 18 716 min manatdır.