17 C
Baku
Saturday, May 25, 2024

Universitet bir futbol komandasına bənzəyir, oyunçuları isə professorlar əvəz edir

Müsahibimiz Vrije Universiteit Brussels Universitetinin tələbəsi Ülfət Hacıyevdir

Salam Ülfət bəy, ilk öncə müsahibə təklifimizi qəbul edib təcrübənizi paylaşmaq istədiyinizə görə sizə təşəkkürümü bildirirəm.

CV-iniz ilə ilk tanışlıqdan görünür ki, həm təhsilə həm də ictimai həyata böyük önəm verirsiniz. İkisini bir arada çatdırmaq çətin deyil ki? Əgər karyeranızı biznes istiqamətində qurmaq istəyirsinizsə, nəyə görə onda ictimai həyata belə önəm verirsiniz?

Çətindir. Çətinlik isə ondan ibarətdir ki, ictimai işlərlə mütəmadi məşğul olanda asudə vaxtımı qurban vermiş oluram. Məsələnin əsas məqamı isə çətinlik bahasına qazanılmış təcrübədir. Hesab edirəm ki, məhz ictimai işlərlə məşğul olmağım, liderlik keyfiyyətlərimi daha da inkişaf etdirməyə kömək edir. Bunu isə dərs auditoriyasında etmək olmur.

Mən Azad Brüssel Universitetinin Beynəlxalq Tələbə Platformasının idarə heyətinin üzvü və Brüssel Erasmus Tələbə Şəbəkəsinin koordinatoruyam. Bu mənə universitetin siyasətində və qərar qəbul etməsində yaxından iştirak etmək imkanı verir.

Müxtəlif ölkələrdə müxtəlif konfranslarda iştirak edərkən, gənc liderlərlə və Avropanın eləcə də dünyanın nüfuzlu ictimai-siyasi və biznes insanları ilə tanış oluram. Məsəl üçün, Strasburqda keçirilən Dünya Forumunda iştirak edərkən Nobel sülh mükafatçısı Tavakkol Karman və AŞPA prezidenti Jan Klod Minyonla və TEDx Brüsseldə iştirak edərkən Apple şirkətinin yaradıcılarından biri olan Stiv Voznyakla həmsöhbət olmaq və onların uğur hekayələrini eşitmək mənim üçün çox böyük təcrübə oldu. Əlaqələrimin genişlənməsi və sosialın kapitalımın zənginləşməsi, karyeramda uğur qazanmağımda həll edici rolu ola bilər.

Daima çox mədəniyyətli və çox millətli mühitdə işləmək məni tam azad fikirli eləməklə bərabər beynəlxalq təcrübəmdə artırmış olur. İctimai işlərlə məşğul olarkən zövq alıram və dincəlirəm, ona görə də sonunda qazandığım itirdiyimi üstələyir. Qazandıqlarım isə biznes karyeramın başlanğıcı və bünövrəsidir. Bunlar isə nəinki hər hansı bir şirkətdə karyera qurmağım üçün həmçinin gələcəkdə öz şirkətimi qurmağım üçün önəmlidir. Bəzən stressli və həyəcan dolu günlərdə doğru yolda olmadığı düşünürəm. Amma deyirlər ki, tutduğun yolda əgər həyəcan və qorxu artırsa – deməli siz düzgün yoldasınız.

Siz Azərbaycanın ən nüfuzlu universitetlərindən birinin məzunusunuz. İnanıram ki, yüzlərlə gənc sizin yerinizdə olmaq və İdarəçilik Akademiyasını tələbəsi olmaq istəyərdi.
Bəs, hansı səbəbdəndir ki, təhsiliniz burada deyil xaricdə davam etdirmək qərarına gəldiniz?

Xaricdə təhsil almaq barədə məktəb illərindən düşünürdüm. Orta məktəbi bitirərkən təhsilimi menecment sahəsində alacağıma qərar verdim və bu ixtisas üzrə də ali məktəbi bitirdim. Gələcəyin bir meneceri kimi, karyeramı beynəlxalq şirkətdə qurmaq istəyirəm . Beynəlxalq təcrübəli peşəkar menecerləri başqa menecerlərdən ən əsas fərqi ondadır ki, onlarda mədəniyyət zəkası (Cİ- cultural intelligence) yüksək olur. Bu cür menecerlər istənilən ölkədə və şirkətdə işləyərkən, onlara yad olan mədəniyyətə daha alışqan və onlar başqa mədəniyyətə daha çevik adaptasiya edə bilirlər.

Belə kadrlar isə, qloballaşmış dünyada bütün kontinentlərdə, az qala bütün ölkələrdə fəaliyyət göstərən ,”Coca-Cola” və ya “Adidas” kimi transmilli şirkətlər üçün yerli bazarlarda uğur qazanmasında həlledici rol oynayır . Bu tipli şirkətlərin beynəlxalq mühitdə yaşamış və təhsil almış kadrlar lazımdır.

Məndə menecment üzrə magistr təhsilimi məhz belə bir mühitdə almaq istədim. İndi isə ikili magistr (master) təhsili alıram. Proqram elə bölünüb ki, birinci ilimi Azad Brüssel Universitetində ikinci ili isə Solvay Brüssel Biznes və Menecment məktəbində təhsil almalıyam. Müxtəlif dövlətlərdən olan insanlarla həm yaşayıb, həm də təhsil almaq məni, bu müxtəlif mədəniyyətlərin özəlliklərin öyrənərək, gələcəkdə peşəkar menecer olacağıma daha da əmin edir.

Ola bilər ki, Azərbaycandakı təhsil gözləntilərinizə cavab vermədi, yəni universitetə kifayət qədər yüksək bal toplayaraq qəbul olmağınıza baxmayaraq, arzuladığınız keyfiyyəti görə bilmədiniz?

Sözsüz ki təhsilimizdə olan qüsurların mövcudluğu hamıya bəllidir. Amma ölkəmizdəki başqa universitetlərlə müqayisədə oxuduğum akademiyada tələbələr üçün daha çox imkanlar yaradılırdı.

Hazırda, yəni Brüsselin Vrije Universitetində iki il təhsil aldıqdan sonra keyfiyyət fərqlərini necə müqayisə edərdiniz?

Ən başlıca keyfiyyət meyarı dərslərin peşəkar professor və müəllimlər tərəfindən keçirilməsidir. Misal üçün, bizə beynəlxalq marketinq strategiyası fənni üzrə dərs deyən Harvard məzunu olmuş professorumuz, uzun illər müxtəlif şirkətlərlə çalışıb, araşdırma aparıb; indi isə bizə dərsi təkcə nəzəriyyəyə arxalanaraq deyil, həm də öz şəxsi təcrübəsindən qaynaqlanan faktlara əsaslanaraq keçir.

Bundan əlavə master təhsilinin tərkib hissəsi araşdırma aparmaqdır. Araşdırma apararkən çoxlu sayda məqalələr istifadə etməli oluram. Akademik təsdiqi olmayan mənbələrdən istifadə etməyə icazə verilmir. Lakin bunun əvəzində müxtəlif nüfuzlu araşdırma mərkəzlərinin resurs bazalarına pulsuz giriş imkanı yaradılır. Universitetin zəngin kitabxanası da istənilən tip araşdırma aparmaq üçün kifayət qədər ciddi resurslara malikdir. Bundan əlavə demək olar ki, dərslərin çoxu case study şəkilində qurulur: tələbələrə hər hansı bir şirkətin problemli situasiyası təqdim edilir və ondan çıxış yollarını tapmaq tapşırığı verilir. Müxtəlif təklifləri müzakirə və analiz etdikdən sonra, şirkətin nə etdiyi (hansı qərarı qəbul etdiyini və bunu nə kimi nəticələr verdiyi) müqayisə olunur.

Nəyə görə qərarınız məhz Belçika oldu, bir də mənə maraqlıdır ki, əgər Amerika və Avropa universitetləri arasında seçim etməli olsaydınız hansına prioritet verərdiniz və bu seçiminiz hansı arqumentlərlə əsaslandırısınız?

Brüssel bildiyiniz kimi Avropanın paytaxtı hesab olunur, elə bu səbəbdəndir ki, bir çox nüfuzlu təşkilatların mərkəzi qərargahı məhz bu şəhərdə yerləşir. Bunların siyahısında Avropa parlamenti, Avropa Komissiyası, ümumdünya banklararası telekommunikasiya sistemi olan SWIFT şirkəti və müxtəlif tipli beynəlxalq təşkilatlar, şirkətlər və araşdırma mərkəzləri var. Bu baxımdan universitetin təklif etdiyi keyfiyyətli təhsil ilə bərabər, bu təşkilatlarda treninq və təcrübə keçmək imkanı da məni Brüsselə gətirdi.

Amerika və Avropa universitetləri arasında düşünürəm ki, nəzərə çarpacaq qədər fərq yoxdur. Universitet bir futbol komandasına bənzəyir, oyunçuları isə professorlar əvəz edir. Futbol klublarında olduğu kimi hər hansı bir universitetin peşəkar professor heyəti onun nüfuzunu və reytinqini təyin edir. Nəzərə alsaq ki, təcrübəli professorlar bir yox, eyni zamanda dünyanın bir neçə universitetlərində dərs deyirlər, sonunda təhsil səviyyəsi universitetlər arasında çoxda fərqlənmiş olmur. Bununla bərabər hesab edirəm ki, əksər Amerika universitetləri Avropadakı universitetlərdən fərqli olaraq yerli və beynəlxalq biznes strukturları ilə daha çox əməkdaşlıq edir. Elə ona görə də növbəti seçimim Harvarddır –gələn il menecment üzrə fəlsəfə doktor dərəcəsini almaq üçün məhz Harvarda getməyi düşünürəm.

Ülfət bəy, xaricdə təhsil almaq istəyən, daha doğrusu magistr təhsilini əcnəbi ölkədə oxumaq istəyən gənc hazırlıq prosesinə necə və nə vaxt başlamalıdır? Təəssüf ki, əksər gənclərimiz bu məsələ ilə bağlı dəqiq nə etməli olduğunu bilmir. 

Müxtəlif universitetlərin son qəbul zamanı və sənəd qəbul prosesi fərqlənir. Ümumiyyətlə isə tələbələr xarici universitetə sənəd verərkən təhsil almaq istədikləri vaxtdan bir il öncə hazırlaşmalıdırlar. Sənəd qəbul prosesi bəzi hallarda iki, bəzilərində isə bir pilləli olur. İki pilləli prosesdə tələbədən tələb olunan sənədləri internet vasitəsi ilə təsdiq etməkləri xahiş olunur və onlar bu mərhələni keçdikdən sonra notariat qaydada (bəzi hallarda apostil vurulmaqla) təsdiq olunmuş sənədləri poçt vasitəsi ilə universitetə göndərməkləri lazım gəlir. Qəbul olunduqları halda onlar universitetdən qəbul məktubu alır ki, bu da onların viza almaqları üçün istifadə olunur. Bir pilləli prosesdə tələbə birbaşa sənədlərini universitetə göndərir. Cavablar adətən üç aya yaxın bir vaxtda çıxır. Tələb olunan sənədlər bakalavr diplomu, ingilis dilli fakültələr üçün TOEFL və ya İELTS dil sertifikatları, əsaslandırma və tövsiyə məktubudur.

Universitet qiymətləri, dil sertifikatının yüksək nəticəsi, əla əsaslandırma və tövsiyə məktubu qəbul olunma və hətta təqaüd almaq şanslarını artırmış olur. Bəzi universitetlər iş təcrübəsi və ictimai fəaliyyəti olan gənclərə təqaüd verərkən daha çox üstünlük verir. Sonuncu kursda oxuyan tələbələr də magistraturaya öz sənədlərini verə bilərlər, bunun üçün onlar diplom əvəzinə 3 ili əhatə edən qiymət cədvəllərini göndərməlidirlər. Maliyyələşməyə gəldikdə isə onu deyə bilərəm ki, oxumaq istədikləri ölkənin dilini bildikdə tələbələr müvəqqəti olaraq kafe və restoranlarda da iş tapa bilərlər. Bundan əlavə məsəl üçün dövlət proqramına müraciət edə bilərlər. Məndə dövlət proqramına müraciət etmişdim, lakin ixtisasım prioritet sahəsi olmadığından imtina cavabı alaraq təhsilimi öz hesabıma almalı oldum.

Sonda ənənəvi sualımız, xaricdə təhsil almaq istəyən tələbələrə hansı xüsusi tövsiyəniz ola bilər?

Xüsusi tövsiyəm odur ki, tələbələr sənədləri ilə universitetlərə müraciət edərkən oradakı müvafiq professor və ya onların assistentləri ilə daima email yazışmaları aparsınlar. Bu halda onlar həm seçim prosesinin incə detallarını bilmiş olar, həm də professorlara özlərini tanıtmış olurlar ki, bu da onların qəbul olmaq şanslarını artırır

Xarici universitetdə oxumaq təhsil ilə bərabər böyük həyat təcrübəsidir. Bir də gənclər unutmamalıdır ki, xarici ölkəyə gedərkən onlar yad bir mədəniyyətlə üzləşəcək. Hər bir ölkənin mədəniyyəti insan məhsulu olan muzey deyil, nə də ki orada oxuyan gənc turist deyil. Mədəniyyət canlı, nəfəs alan bir orqanizmdir ki, gənclər də mədəni baryeri (culture shock) aşmaq üçün olduqca nəzakətli və səbirli olmalıdırlar. Unutmaq lazım deyil ki, ən dəyərli dərs və təcrübə zaman tələb edir. Bu yolda xaricdə təhsil almaq istəyən gənclərimizə uğurlar arzu edirəm.

Sonunda intervü üçün Banker.az saytına və sizə özəlliklə dərin minnətdarlığımı bildirirəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər