Uorren Baffetin “Berkshire Hathaway” maliyyə holdinqi ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi məlumata əsasən, “Sirius XM” peyk radio şirkətinin 54 milyon dollarlıq səhmlərini alıb. Bu, konqlomeratın 2025-ci ildə açıqlanan ilk müqaviləsidir.
Məlum olduğu kimi, investor “Sirus XM” səhmlərini 30, 31 yanvar və 3 fevralda 23.5 dollara alıb. NASDAQ məlumatlarına görə, ötən il ərzində “SiriusXM” səhmləri 58.32% ucuzlaşaraq hər səhm üçün 22.8 dollar təşkil edib. Lakin bu ilin əvvəlindən şirkətin kotirovkaları 5.26% artaraq fevralın 3-də 24 dollara çatıb.
“Business Insider”ə görə, son sövdələşmə “Berkshire”nin “Sirius XM”daki payını 35%-ə çatdırmağa kömək edib. “Berkshire Hathaway” holdinqinin investisiya portfelinin dəyəri üçüncü rübdə 266.4 milyard dollara düşüb. Portfelin ən böyük payını maliyyə sektorunun səhmləri tutur – 39.43%.
Növbəti yeri 27.15% payla İT sektoru tutur. Sonrakı pillələrdə istehlak malları (16.17%), enerji (11.5%), səhiyyə (2.22%) və rabitə xidmətləri (2.16%) dayanır.
Üçüncü rübdə “Berkshire Hathaway”in investisiya portfelinə 40 şirkətin səhmləri daxil olub. “Apple” portfelin ən böyük payını saxlamağa davam edir. Portfeldə ikinci yeri “American Express” maliyyə şirkəti tutur. Üçüncü və dördüncü yerləri isə “Bank of America” və “Coca-Cola” bölüşdürür.