Amerikalı milyarder Uorren Baffetin “Berkshire Hathaway” maliyyə holdinqinin vəsaitlərinin həcmi rekord həddə çatıb – şirkətin ikinci rüb üzrə hesabatına əsasən, hazırda rəqəm 277 milyard dollar təşkil edir.
Sənədlərə görə, holdinq səhmlərin demək olar ki, yarısını sataraq “Apple”a investisiyalarını azaldıb. Qalan pay (təxminən 400 milyon səhm) 84.2 milyard dollar dəyərində qiymətləndirilir, “Reuters” yazır.
Ümumilikdə, qiymətli kağızların satışı “Berkshire”ə 75.5 milyard dollar qazandırıb. Əməliyyat mənfəəti 2023-cü ilin ikinci rübü ilə müqayisədə 15% artaraq 11.6 milyard dollara çatıb. Xalis mənfəət bir il əvvəlki 35.91 milyard dollardan 15% azalaraq 30.34 milyard dollara düşüb.
“Berkshire Hathaway”in qazancının əhəmiyyətli hissəsi beş şirkətdən gəlir: “Apple”, “Bank of America”, “American Express”, “Coca-Cola” və “Chevron”. İlin əvvəlindən “Apple”ın səhmləri 4% azalıb. Şirkətin qiymətli kağızları hazırda “Berkshire Hathaway” portfelinin təxminən beşdə birini tutur.