Dünən Uorren Baffet “Berkshire Hathaway” şirkətinin səhmdarlarına və övladlarına ünvanladığı vida məktubunu dərc edib. O, şirkətin baş direktoru (CEO) vəzifəsindən getdiyini, lakin “kölgədə qalaraq” bir müddət fəaliyyətini davam etdirəcəyini bildirib. Baffet vurğulayıb ki, “A” sinifli səhmlərin böyük hissəsini hələlik əlində saxlayacaq və onları yalnız səhmdarlar onun varisi – uzun illərdir müavini olan Qreq Abela tam etibar etdikdən sonra ötürəcək. “Bu etimad çox da gecikməyəcək. Uşaqlarım artıq Qreqi tam dəstəkləyir, eyni mövqedə Berkshire-in idarə heyəti də fəaliyyətini davam etdirir”, – deyə Baffet yazıb.
95 yaşlı investor qeyd edib ki, hələlik şirkətin idarə heyətinin sədri kimi qalacaq. O, istefasını “təbii səbəblərlə” izah edib:
“Yaşlanmaq məndə gec başladı — bu, hər insanda fərqli olur — amma o vaxt gələndə artıq danılmaz hala çevrilir. Ümumilikdə özümü yaxşı hiss edirəm. Sadəcə, indi bir qədər yavaş hərəkət edirəm və oxumaq mənim üçün daha çətindir. Buna baxmayaraq, hələ də həftənin beş günü ofisdəyəm və əla insanlarla işləməyə davam edirəm.”
Niyə bu vacibdir?
Baffetin gedişi və onun yaxın dostu, biznes tərəfdaşı Çarli Manqerin 2023-cü ildə vəfatı “Berkshire Hathaway” üçün yeni mərhələnin başlanğıcı deməkdir. Wall Street Journal yazır ki, bu, şirkət tarixində ilk dəfədir ki, “Wall Street”də qərarlarının çəkisi Baffet və Manqer dövründəki qədər güclü olmayacaq. İndi Qreq Abel bu nəhəng investisiya imperiyasının “veteranlar” olmadan da eyni etibar və reputasiyanı qoruya biləcəyini sübut etməlidir.
Başqa nə açıqlayıb?
Baffet həmçinin dörd ailə fonduna ümumi dəyəri təxminən 1,3 milyard dollar olan Berkshire səhmlərini bağışladığını açıqlayıb. Hər fond fərqli istiqamətə fokuslanır. Məsələn, mərhum həyat yoldaşının adını daşıyan The Susan Thompson Buffett Foundation qadınların təhsili və reproduktiv sağlamlığı sahəsində proqramları dəstəkləyir.
Baffet vəsiyyətinin həyata keçməsini gözləmədən xeyriyyə bağışlarını sürətləndirməyi planlaşdırır. O bildirir ki, övladları Syuzi, Hovard və Piter “yetkinlik, zəkâ, enerji və idarəetmə instinktlərinə” sahibdirlər və ailə sərvətini müstəqil idarə edə biləcəklər. Bununla belə, o, uşaqlarının 60–70 yaş aralığında olduğunu xatırladaraq, “onların hamısının mənim qədər uzunömürlü olacağına güvənmək səhv olardı” deyib.
Baffetin məktubundan bir hissə:
“Uzun ömür sürmək üçün insana “böyük”bəxt lazımdır — hər gün banan qabığından, təbiət fəlakətlərindən, sərxoş və ya diqqətsiz sürücülərdən, ildırım vurmasından və daha nələrdən qaçmaq tələb olunur.
Amma xanım Bəxt çox nazlı və — başqa sözlə desək — ədalətsizdir. Dünyanın bir çox liderləri və varlı adamları öz paylarından daha çox bəxtə sahib olublar və çox zaman bunu etiraf etməyə tələsmirlər. Bəzi insanlar doğulduqları anda ömürlük maliyyə təminatına sahib olurlar, digərləri isə uşaqlıqdan əzab və yoxsulluq içində böyüyür, bəziləri isə fiziki və ya ruhi məhdudiyyətlərlə doğulur — bu da mənim həyatda təbii qəbul etdiyim nemətləri onlardan alır. Dünyanın bir çox sıx məskunlaşmış yerlərində mən yəqin ki, bədbəxt bir həyat yaşayardım — bacılarım isə, bəlkə, daha ağırını.
Xanım Bəxt uzun illər mənə baş çəkdi, amma indi onun daha vacib işləri var — 90 yaşını keçmiş biri ilə məşğul olmağa vaxtı yoxdur. Bəxtin də bir sonu olur.”








