Uqandanın Hoima şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı olub.
“ASAN xidmət”dən verilən xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa iştirak ediblər.
Uqandalı nazir Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib.
Dövlət Agentliyinin nümayəndə heyətini Uqanda Prezidenti Yoveri Kaquta Museveni də qəbul edib.