11 C
Baku
Tuesday, March 5, 2024

Uqandada ASAN konsepsiyası əsasında Dövlət Xidmətləri Mərkəzi yaradılacaq

Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin 2024-cü ilin yanvarında Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək sammiti çərçivəsində “ASAN xidmət” konsepsiyası əsasında Xidmət Mərkəzinin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır.

Bu barədə “New Vision Uganda”da dərc olunan məqalədə deyilir.

İyulun 24-də Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Museveni bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Prezident Yoveri Museveniyə Uqandanın maraq göstərdiyi “ASAN xidmət” konsepsiyası təqdim edilib. Bildirilib ki, 2018-ci ilin sentyabr ayında “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Həmin vaxtdan ASAN xidmət və Uqandanın Dövlət Xidməti Nazirliyi sıx əməkdaşlıq edir və layihə üzərində işləyir.

“ASAN xidmət” özünü inqilabi təşəbbüs kimi sübut etdi”, – Ü.Mehdiyev bildirib. Prezident isə öz növbəsində bu ideyanı bəyəndiyini və Uqandada belə bir mərkəzin açılmasından şad olacağını vurğulayıb.

“Biz artıq bu istiqamətdə işləyirik, amma mənə dedilər ki, siz bu baxımdan daha çox inkişaf etmisiniz. Burada belə bir məkanın açılmasına çox şad olarıq. Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə mərkəzin təməlqoyma mərasimində iştirak etməkdən məmnun olaram”, – o bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Kampalada təşkil olunacaq Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu sammitində iştirak edəcəyi və burada Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verəcəyi gözlənilir.

Məqalədə o da qeyd olunub ki, ASAN-ın məqsədi müasir texnologiyalardan istifadə etməklə xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etməkdir. Bu, 11 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsidir.

Ü.Mehdiyev Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə fəal dəstək göstərdiyinə görə Uqanda tərəfinə təşəkkür edib və təşkilatın qadın platformasının yaradılmasına daha çox dəstək verməyə çağırıb. “Biz bunu Uqanda və Azərbaycanın birgə təşəbbüsü kimi həyata keçirə bilərik”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər