Ölkədə keçən ilin yayında internet istifadəçilərinə tətbiq edilən əlavə vergi qüvvəyə mindikdən sonra milyonlarla insan “Facebook”, “Whatsapp” və “Twitter” kimi sosial media platformalarından istifadə etməkdən və mobil telefonları vasitəsilə pul köçürməkdən imtina edib. Uqanda Rabitə Komissiyasının açıqladığı rəqəmlərə görə, bu qanunun qüvvəyə minməsindən sonra ilk üç ay ərzində 2,5 milyondan artıq insan internet abunəçiliyinə son qoyub. Vergi tətbiq edilərkən maliyyə naziri Deyvid Bahati bu addımın atılmasından əldə ediləcək əlavə vəsaitlərin dövlət xidmətləri üçün maliyyə mənbələrinin artırılacağına yönəldiləcəyini bildirmişdi.
“Guardian” qəzetinin şərhində bildirilir ki, ölkədə bank sektoru kifayət qədər inkişaf etmədiyinə görə əhalinin böyük qismi pul köçürmələrini mobil telefonlar vasitəsilə edir. Buna görə də insanların internet xidmətlərindən imtina etməsi maliyyə sektoruna ciddi ziyan vurub. Təkcə keçən ilin iyun-sentyabr aylarını əhatə edən dövrdə mobil telefonlarla aparılan pul köçürmələrinin dövriyyəsi 25 faiz azalmışdı. İnternet vergisinin ləğvi ilə bağlı ictimaiyyətin müraciətlərinə cavab olaraq hökumət tərəfindən verilmiş son açıqlamada yaxın vaxtlarda internetdən istifadə ilə bağlı uyğunsuzluğun aradan qaldırılacağı bildirilib.