Rusiyanın “Urals” neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, qiymətin enməsi ABŞ-nin “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalarının qüvvəyə minməsinə bir neçə gün qalmış baş verib.
Nəşrin məlumatına əsasən, cümə axşamı “Urals” markalı Rusiya neftinin qiyməti Qara dənizdəki Novorossiysk limanından yüklənmə zamanı bir barel üçün 36,61 ABŞ dollarına düşüb. Bu, 2023-cü ilin mart ayından bəri ən aşağı göstəricidir. Oxşar dinamika Baltik dənizi limanlarından yüklənmələrdə də müşahidə olunub.
KİV qeyd edir ki, ABŞ yeni sanksiyalar çərçivəsində digər ölkələrə “Lukoil” və “Rosneft”lə əməliyyatları dayandırmaq üçün noyabrın 21-dək vaxt verib. Çin, Hindistan və Türkiyədə bəzi neft emalı zavodları artıq alışları dayandırır və alternativ təchizatçılar axtarır.
ABŞ sanksiyalarının elanından sonra “Urals” digər beynəlxalq markalarla müqayisədə əhəmiyyətli endirimlərlə satılmağa başlayıb.







