Avropa Komissiyasının sədri Ursula fon der Lyayen işgüzar səfərlə Ermənistana gəlib. Onu hava limanında Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb. Bu barədə “ArmenPress” məlumat yayıb.
Avropa Komissiyasının sədri Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcək. Tərəflərin, o cümlədən, Ermənistan məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının sadələşdirilməsi məsələsini müzakirə etməsi planlaşdırılır.
Ursula fon der Lyayen İrəvana iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqlar apardıqdan sonra gəlib. O, digər məsələlərlə yanaşı, Avropa İttifaqının Cənubi Qafqazda əlaqəliliyin inkişafı məqsədilə “Global Gateway” proqramı çərçivəsində 200 milyon avro həcmində qrant ayıracağını açıqlayıb.







