Qarşıdakı aylarda manatın dollara nisbətdə məzənnəsinin necə formalaşacağı müzakirə mövzusu olaraq qalır. Əgər bir müddət əvvəl proqnozlar dolların sentyabrda 2 manat təşkil edəcəyi yönündə idisə, milli valyutanın ilin ikinci rübündə nümayiş etdirdiyi stabilləşmənin fonunda dollara nisbətdə 1.6000 AZN-ə qədər möhkəmlənəcəyi istisna edilmir.
Mövzu ilə bağlı rəyini öyrəndiyimiz iqtisadçı-ekspert Samir Əliyev açıqlamasında bildirdi ki, proseslər dolların manata nisbətdə məzənnəsində ciddi dəyişikliklərin gözlənilmədiyini söyləməyə əsas verir: “Mərkəzi Bankın əsas siyasəti məzənnə sabitliyinin qorunmasına yönəlib. Milli valyutanın ucuzlaşmasından daha çox məzənnənin oynaması sahibkarlığa və qiymətlərə zərbə vurur. Bu səbəbdən də məzənnəni qorumaq hökumətin qarşısındakı əsas pioritetdir. O, artıq başqa məsələdir ki, hazırkı məzənnənin bazar əsasları var, ya yoxdur. Müvəqqəti də olsa, sabitliyə nail olunub və bu sabitlik davam edəcək”.
Manatın məzənnəsi güclənəcəkmi?
S.Əliyev bildirir ki, sentyabrdan başlayaraq məzənnə dəyişikliyi baş verərsə, bu, dolların xeyrinə olacaq: “Dolların müəyyən qədər bahalaşması baş verə bilər. Ümumən götürdükdə, bu ilin sonuna qədər ciddi dəyişiklik gözlənilmir. Neft Fondundan Mərkəzi Banka 7,5 milyard dolların ayrılmasından sonra valyuta bazarında sabitlik yaranıb. Ancaq o da bəllidir ki, qış aylarında iqtisadiyyatda büdcənin rolu artır və bazara çoxlu pul kütləsi daxil olur. Buna görə də ilin sonuna valyutaya təzyiq artır. Bu il də müəyyən qədər təzyiqin olacağı istisna deyil. Düzdür, nağdsız ödənişlərin aparılması və dövlət qurumlarına idxal malları almağı qadağan etməklə müəyyən sabitlik yaradılıb”.
Ekspert deyir ki, neftin qiyməti bu səviyyədə qalarsa, ilin sonuna qədər manatın dollara nüsbətdə məzənnəsində dəyişiklik baş verməyəcək: “Manatın müəyyən qədər ucuzlaşması baş verə bilər”.
O ki qaldı manatın dollar nisbətdə 1.6000 AZN-ə yüksəlməsinə, S.Əliyev milli valyutanın məzənnəsinin 1.70 AZN-dən yuxarı qalxmasının gözlənilmədiyini deyir: “1.70 AZN-dən yuxarı bahalaşma hökumətə sərf etmir. Bu, Neft Fondu vəsaitlərinin xərclənməsinə gətirib çıxarır. Digər tərəfdən, bazardakı qiymətlər indiki məzənnəyə uyğunlaşıb. Manatın bundan sonra bahalaşmasının iqtisadi faydası yoxdur. Əksinə, çalışmaq lazımdır ki, bu səviyyədə qalsın, hətta müəyyən qədər ucuzlaşsın”.
S.Əliyevin sözlərinə görə, manat/dollar məzənnəsində 1.700 səviyyəsi manat üçün qırmızı xətdir: “Ondan aşağı-yuxarı bahalaşma gözlənilmir”.
Bununla belə, ekspert 2018-ci ildə manat/dollar məzənnəsi ilə bağlı situasiyanın fərqli olacağını düşünür: “Neft Fondundan Mərkəzi Banka vəsait ayrılmazsa, vəziyyət çətin olacaq”.
Azərbaycanın əsas ticarət tərəfdaşlarında – Rusiya və Türkiyədə ABŞ valyutasının məzənnəsinin güclənməsinə gəlincə, ekspert deyir ki, rublun ucuzlaşması ixracda problem yaradır: “Tərəfdaşlarda valyutanın ucuzlaşması halında hökumət ixracı dəstəkləmək üçün manatı ucuzlaşdıra bilər. Bu halda dollar 1.800 manat səviyyəsində müəyyən edilə bilər”.
Mərkəzi Bankın manat açıqlaması
Milli valyutanın məzənnəsinin sabitləşmə səbəblərinə aydınlıq gətirən Mərkəzi Bankdan qeyd edilir ki, manatın məzənnəsinə dövr ərzində tədiyyə balansının yaxşılaşması, eləcə də, dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi valyuta bazarına tarazlaşdırıcı və manatın məzənnəsinə sabitləşdirici təsir göstərib.
Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb, ikinci rüb ərzində isə sabitləşib: “2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə – 1,9200 manata qalxıb, 26.05.17-01.06.17 tarixlərində isə minimum həddinə – 1,7020 manata enib. 2017-ci ilin I yarısının sonuna manat ABŞ dollarına nəzərən 3,9% möhkəmlənib. 2017-ci ilin I yarısı ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,74 manat təşkil edib. Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 1,4% bahalaşıb. NEM-nin 0,8% ucuzlaşması REM-ə azaldıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə artırıcı təsir edib”.
Nağd dollar satışı və alışı azalıb
Valyuta bazarının sabitləşməsi və manatın məzənnəsinin ABŞ dolları ilə müqayisədə güclənməsi ölkə əhalisinin dollara marağını da azaldıb. Cari ilin iyul ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 122047.1 dollar alınıb. Qeyd edək ki, cari ilin 5 ayında bu rəqəm 138842.1 dollar olub.
Dolların satışı isə iyun ayının 1-nə olan göstəricidən – 96469.4 dollardan iyul ayının 1-nə 94486.8 dollara düşüb.
Əmanətlərin dollarlaşma dərəcəsi azalıb
Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il iyulun 1-nə 73,38% təşkil edib. Ötən ay bu göstərici 74,52%, yanvarın 1-nə 79,63%, keçən ilin analoji dövründə isə 80,59% olub.
Cəmi depozit bazasında dollarlaşma dərəcəsi iyulun 1-nə 76,77% olub. Keçən ay bu göstərici 75,2%, bu il yanvarın 1-nə 75,29% olub.