Yanvarın 2-dən 8-dək dünyada koronavirusa yoluxma halları təqribən 2.9 milyon, bu xəstəlikdən ölüm halları 11 mindən çox olub. Əvvəlki yeddi günlə müqayisədə yoluxma hallarının sayı 9 faiz, ölüm halları 12 faiz azalıb.
Bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində əks olunub.
Bülletendə göstərilir ki, həftə ərzində koronavirusa 2.898.131 yoluxma və bu xəstəlikdən 11.134 ölüm faktı qeydə alınıb. Bu dövrdə yoluxanların ən çoxu Yaponiyada olub (1.070.496). Sonrakı yerləri ABŞ (462.944), Koreya Respublikası (403.800), Çin (204.609) və Braziliya tutur (145.933). Birləşmiş Ştatlarda həftə ərzində koronovirusdan ölənlərin ən çox olub (2.695). Sonrakı yerləri Yaponiya (2.149), Braziliya (926), Çin (722) və Fransa tutur (621).
Qərbi Sakit okean regionunda yoluxma halları əvvəlki yeddi günlə müqayisədə 1 faiz artıb. Eyni zamanda, bu göstərici Avropada 36 faiz, Cənub-Şərqi Asiyada 27 faiz, Afrikada 23 faiz, Amerikada 7 faiz, Şərqi Aralıq dənizi bölgəsində 1 faiz azalıb.
Koronovirusla bağlı ölüm halları Afrikada 53 faiz, Avropada 34 faiz, Cənub-Şərqi Asiyada 19 faiz, Amerikada 3 faiz azalıb. Bununla bərabər, Şərqi Aralıq dənizi bölgəsində bu göstərici 31 faiz, Qərbi Sakit okean regionunda 5 faiz artıb.