25 C
Baku
Monday, July 7, 2025

ÜST rəhbəri pandemiyanın hazırkı mərhələsini “çox təhlükəli” adlandırıb

Koronavirus pandemiyası dünya ictimaiyyətinin ona qarşı mübarizədə əldə etdiyi irəliləyişə baxmayaraq çox təhlükəli bir mərhələdədir. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus məlumat verib.

“Pandemiya üzərində nəzarət sahəsində irəliləyişə nail olsaq da, o hələ də təhlükəli mərhələdə qalır”, – deyə Tedros Adan Gebreyesus söyləyib. Onun sözlərinə görə, bu vəziyyətdə “yeganə çıxış yolu” ölkələrə “fərdi qoruyucu vasitələrin, testlərin, tibbi ləvazimatların və peyvəndlərin ədalətli paylanılmasında” dəstək olmaqdır.

Gebreyesus xatırladır ki, indi pandemiya ilə əlaqəli məhdudiyyətlər ilk növbədə koronavirusla mübarizə vasitələrinə sahib olan ölkələr tərəfindən yumşaldılır. “Eyni zamanda kifayət qədər təchizatı olmayan ölkələr xəstəxanalara yerləşdirmə və ölüm dalğaları ilə qarşılaşırlar”, – deyə rəhbər əlavə edib.

ÜST-nin verdiyi məlumata görə, pandemiya başlayandan bəri dünyada 183 934 913 yoluxma halı qeydə alınıb, onlardan 3 985 022 nəfəri ölüb. Son sutkada yoluxanların sayı 326 231 nəfər, ölənlərin sayı isə 6 347 nəfər artıb.

“ACT-Accelerator” adlanan beynəlxalq tərəfdaşlıq 24 aprel 2020-ci ildə ÜST, Avropa Birliyi, Fransa və xeyriyyəçilər Bill və Melinda Qeyts tərəfindən rəsmi olaraq başladılıb. ÜST-də izah edildiyi kimi, bu, “COVID-19-un qarşısının alınması və müalicəsi üçün təhlükəsiz və təsirli texnologiyaların inkişafını, istehsalını və istifadəsini sürətləndirmək məqsədini daşıyan qlobal əməkdaşlıqdır”.

Son xəbərlər
Digər xəbərlər