“Köməkçi texnologiyalar (KT) və reabilitasiya sektorunun Azərbaycanda gücləndirilməsi” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin missiyası ölkəyə səfər edib.
Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib.
ÜST-nin Avropa üzrə Regional Ofisinin Əlillik, Reabilitasiya və Palliativ Yardım üzrə regional müşaviri Satiş Mişra və Əlillik, Reabilitasiya və Səhiyyə xidmətləri üzrə mütəxəssisi Dr. Katal Morqanın iştirakı ilə baş tutan missiyanın məqsədi Azərbaycanın KT və reabilitasiya sektorunun fəaliyyətini müşahidə etmək, maraqlı tərəflərlə ÜST-nin təşkilatçılığı ilə dünyanın 67 ölkəsində keçirilmiş və 2021-ci ildə Azərbaycanda həyata keçirilən köməkçi texnologiyalar üzrə ehtiyacları öyrənən “r-ATA” (“rapid-Assistive Technology Assessment WHO survey tool”, sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi üzrə ÜST-nin sorğu vasitəsi) sorğusunun nəticələri ilə bağlı fikir mübadiləsi aparmaq, mümkün inkişaf yollarını müzakirə etməkdir.
Missiya çərçivəsində mütəxəssislər ÜST-nin Azərbaycan Nümayəndəliyinin əməkdaşları və müvafiq qurumlarla görüşlər keçirib və Azərbaycanda KT və reabilitasiya sektorunun cari vəziyyəti, sorğu və müşahidə nəticələri, mümkün inkişaf yollarını ətraflı müzakirə ediblər.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, DOST Agentliyi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna səfərlər zamanı Azərbaycanda köməkçi vasitələrin istehsalı, əhalinin bu vasitələrlə təminatı, reabilitasiya xidmətlərinin səviyyəsi və maddi-texniki bazaya baxış keçirilib. Missiya maraqlı tərəflərin görüşü ilə yekunlaşıb və tərəfdaşlara keçirilən sorğunun nəticələri təqdim olunub.
Qeyd edək ki, KT insanlara sağlam, məhsuldar, müstəqil və ləyaqətli həyat sürməyə, təhsildə, əmək bazarında və vətəndaş cəmiyyətində iştirak etməyə imkan yaradır. Bu gün dünyada 1 milyard insanın məhsuldar, inklüziv və ləyaqətli bir həyat yaşaması üçün KT-yə ehtiyacı var, ancaq qlobal olaraq hər 10 nəfərdən yalnız 1 nəfərin ehtiyacı olduğu KT-dən istifadə etmək imkanı var. KT-dən istifadə bir çox insanın öz funksionallığını, sağlamlığını və rifahını qorumaq və yaxşılaşdırmaq, təhsil, iş və sosial fəaliyyətlərdə iştirak etməsi üçün zəruridir. Adətən KT-yə ehtiyacı olan insanların çoxu yaşlı insanlar, əlilliyi olan şəxslər, münaqişələr nəticəsində yaralananlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Azərbaycanda bu sahədə 6 funksional sahə üzrə (hərəkətlik, görmə, eşitmə, kommunikasiya, dərketmə və özünəqulluq) ehtiyacların öyrənilməsi ilk dəfə Əmək və Sosial Müdafiə Nazirliyinin təşəbbüsü və ÜST-nin dəstəyi ilə 2021-ci ildə ÜST-nin xüsusi sorğu vasitəsi olan “r-ATA” tədqiqatının keçirilməsi ilə aparılıb.