Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Almaniya dünyada pandemiya və epidemiyalarla bağlı məlumatların təhlili mərkəzini yaradacaqlar.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mərkəzin mənzil-qərargahı Berlində olacaq, onun sayəsində ÜST epidemiyalar haqqında daha dəqiq məlumatlar əldə edəcək.
Qeyd edildiyi kimi, platformanın yaradılmasını brifinqdə ÜST-nin baş direktoru Tedros Adan Gebreyesus açıqlayıb. Onun sözlərinə görə, etibarlı məlumatların operativ şəkildə əldə edilməsi “səhiyyənin bütün sahələri üçün vacibdir”. Gebreyesus koronavirus pandemiyasının “qlobal məlumat toplama sistemlərindəki boşluqları üzə çıxardığını” hesab edir.
“ÜST-nin Berlində yerləşən mərkəzi məlumat toplama, epidemioloji nəzarət və analitika sahəsində yeniliklər etmək üçün ilk qlobal mərkəz olacaq”, – deyə təşkilatın rəhbəri əlavə edib.
Xatırladaq ki, daha əvvəl Gebreyesus COVID-19 peyvəndlərinin əlçatanlığı problemindən şikayət edib. Onun sözlərinə görə, dünyada 832 milyon peyvəndin 82%-i yüksək və orta gəlirli ölkələrin payına düşür. Mütəxəssis dünya əhalisinin vaksinasiya edilməsi üçün 2022-ci ildə 35-45 milyard dollara ehtiyac olacağını vurğulayıb.