7 C
Baku
Wednesday, December 4, 2024

Utilizasiya proqramı: faydasını necə artırmaq olar

Utilizasiya proqramının əsas məqsəd və hədəfləri bir neçə istiqamətlidir:

1. Ölkənin avtomobil bazarını daim yeni saxlamaqla ekologiyanın təmiz saxlanması;
2. Köhnə avtomobillər üçün lazım olan ehtiyat hissələri idxalının azaldılması;
3. İstehsalın xüsusilə yeni nəsil, daha qənaətcil avtomobillərə keçidi zamanı utilizasiya proqramları daha da genişlənir ki, bu da neft və neft məhsulları idxalı üzrə qənaəti təmin etməkdir.

Utilizasiya proqramının qeyd olunan 3 əsas məqsəd və hədəfinin həyata keçirilməsində isə avtomobil istehsal edən ölkələrdə 4-cü əsas hədəf də həlledici rol oynayır:

4. Ölkədə istehsal olunan yeni nəsil avtomobillərin ölkə daxilində satışını təşviq etmək, artırmaqla istehsalı artırmaq, genişləndirmək, növbəti nəsil avtomobilin hazırlanıb istehsal edilməsi üçün investisiyanın formalaşması və cəlbi.

Utilizasiya proqramlarına hansı yaşda olan avtomobillərin cəlbi isə daha çox məhz 4-cü amildən, istehsalın həcmindən, formalaşacaq yeni tələbi qarşılaya bilməsindən və sair bu kimi amillərdən asılıdır.

Bəs avtomobil istehsal etməyən bir ölkə kimi, utilizasiya proqramı zamanı hansı amillərə diqqət etmək məqsədəuyğun olardı?

Əvvəla, avtomobillərin yaşı məsələsində ehtiyatlı olmaq lazımdır. Yaşla bağlı xarici ölkələrin nümunəsi də qeyd edilərkən həmin ölkədəki avtomobil istehsalı həcmini qeyd etmək və paralel nəzərə almaq lazımdır. Almaniya kimi ölkə yaşı 10 ildən çox olan avtomobilləri utilizasiya proqramına cəlb edə bilər, biz isə yaşı 20-dən çox olan avtomobillərin utilizasiya proqramınıa cəlbinin nəticələrini daha həssaslıqla hesablamalıyıq;

İkincisi, utilizasiya proqramından sonra avtomobil idxalının gömrük rüsumları məsələsinə (ilk mərhələdə bu rüsumlar büdcə daxilolmaları demək olsa da, əslində iqtisadi dəyər itkiləridir) toxunmadan, idxal olunacaq avtomobillərin ehtiyat hissələrinin idxalını azaldıb azaltmayacağı cavabının tapılması vacibdir. Cavab: azaltmaz, əksinə artar. Çünki, utilizasiyaya gedən avtomobillər daha çox köhnə VAZ avtomobilləri olacaq ki, onların ehtiyat hissələri su qiymətinədir. Bir xarici markalı avtomobilin 1 ehtiyat hissəsi = 3-4 VAZ avtomobilinin ehtiyat hissəsinə. Əlavə olaraq, ən əsas amil də budur ki, xarici avtomobillərin opsiyaları rəngarəng olduğu üçün ehtiyat hissələrinin də çeşidləri və keyfiyyətinə tələblər də çoxdur.

Üçüncüsü, ucuz VAZ avtomobillərini utilizasiyaya verib başqa avtomobil ala bilməyəcək vətəndaşların sonradan qarşılaşa biləcəkləri vəziyyət hesablanmalıdır. Xüsusilə, rayonda yaşayan və avtomobilindən çörək pulu çıxan vətəndaşlar.

Dördüncüsü, utilizasiyanın qısa müddətdə təkrar emal üçün dəmir, metala olan tələbin müəyyən hissəsini ödəyə biləcəyi, orta və uzun müddətdə isə ölkədən kənara daha böyük valyuta axınını tətikləyəcəyi nəzərə alınmalıdır.

Müxtəlif dövlətlərdə utilizasiya proqramları, fərqliliklər, məqsədlər və sair məsələlərlə mövzunu uzatmadan ən önəmli amili qeyd etmək istərdim.

Ölkəmizdə köhnəlmiş avtomobil parkı + neft-qaz ölkəsi kimi hazırda valyuta, büdcə gəlirlərinin planlanan səviyyədən də çox olması + qeyd olunan sonuncu amilin də ciddi təsiri ilə əhalinin nominal gəlirlərinin müəyyən həddə olması + ölkənin avtomobil yollarının qənaətbəxş olması + siyasi sabitlik + valyuta ehtiyatları + ölkənin xarici borcunun ÜDM-nin 10-dən aşağı düşməsi və digər müsbət cəhətlər, faktlar bizə imkan verər ki, ölkəyə tanınmış markalardan birini 1-2 modelinin yığmasını təmin etmək üçün ölkəmizə dəvət edək və istehsalına nail olaq.

Qeyd etdiyim və etmədiyim (məsələn, regionda tanınmış avtomobil markalarından hər hansı birinin istehsalının olmaması həmin avtomobillərin həm də Gürcüstan və Ermənistana satışı deməkdir) müsbətlər avtomobil istehsalçıları üçün cəlbedicidir. İstehsalın başlanmasından sonra həmin avtomobil markasının bir neçə ehtiyat hissələrinin, o cümlədən təkər (şin) istehsalı (burada da həmin marka ilə əməkdaşlıq edən təkər (şin) markasının cəlbi daha uğurlu olar) valyutaya qənaət, ən əsası isə istehsal, ixrac və yeni iş yerləri, məşğulluğun artırılması, iqtisadi böyüməyə töhfə deməkdir.

Biz həmin tanınmış markanın bir neçə modelinin yığılmasından daha çox peyk müəssisələr funksiyasını yerinə yetirəcək ehtiyat hissələri istehsalından gəlir və mənfəət əldə edə bilərik. Bir nüansı da qeyd edim ki, yığılacaq modellərdən birinin hibrid və elektrik istiqamətli olması isə ölkədə bu istiqamətdə də investisiyaların qoyulması və infrastrukturun daha sürətli və səmərəli şəkildə formalaşmasına səbəb olar.

Məhz bundan sonra keçirilən təkcə utilizasiya proqramlarının əhatəliliyi, səmərəsi, faydası, ekoloji və iqtisadi dividendləri bir neçə qat yüksək olar.

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər