9 C
Baku
Monday, November 18, 2024

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir.

Bu, Milli Məclisin fevralın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb.

Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləyə yeni – 253-1-ci maddə əlavə olunur.

Beləlklə, layihəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi başa düşülür. Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə idarə edilir.. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul edilir.

Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı olmadan, yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakın saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər. Bu hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər. Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülə bilər. Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə mindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləri də nəzərdə tutulduqda görülə bilər. Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə icarəyə və ya idarəetməyə verilə bilər. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadə edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının vəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir.

Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə bağlı görülən tədbirlər həmin əmlakın dəyərinin azalmasına və bununla da bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə (mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək) nail olunmasına mane olmamalıdır. İcarəyə və ya idarəetməyə verilmiş əmlak ona istifadə nəticəsində vurula biləcək mümkün zərərin ödənilməsi məqsədilə sığorta etdirilməlidir. Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilə bilməz.

Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə əlaqədar görülən tədbirlər iş məhkəməyə göndərilənədək və hər bir halda ildə bir dəfədən az olmayaraq müstəqil auditor tərəfindən yoxlanılmalı, nəticələri məhkəməyədək icraat zamanı müstəntiqə və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurora, məhkəmə icraatı zamanı işə baxan məhkəməyə təqdim edilməli və cinayət işinin materiallarına əlavə olunmalıdır. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmənin qərarından bu Məcəllədə müəyyən edilmiş qaydada mülkiyyətçi, həmin qərarın hüquq və qanuni mənafelərinə toxunduğu digər şəxslər, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokuror və ya yuxarı prokuror müvafiq olaraq apelyasiya şikayəti və ya protesti verə bilərlər.

Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Üzərinə həbs qoyulmuş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilən vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) iş üzrə məhkəmənin hökmü və ya digər yekun qərarı qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabında saxlanılır. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq olunmadıqda və ya əmlakın üzərinə qoyulmuş həbs ləğv edildikdə, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) mülkiyyətçiyə qaytarılır. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq edildikdə və ya mülki iddia təmin olunduqda, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə (mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək) yönəldilir. Üzərinə həbs qoyulmuş girov və ya ipoteka ilə yüklü edilmiş əmlakın idarə edilməsi ilə əlaqədar qərar qəbul edilərkən girov saxlayanın (ipoteka saxlayanın) və əmlaka dair hüquqları olan digər şəxslərin hüquq və qanuni mənafeləri nəzərə alınmalıdır. Üzərinə həbs qoyulmuş əmlak girov və ya ipoteka ilə yüklü edilmişdirsə, həmin əmlak satıldıqda girov saxlayanın (ipoteka saxlayanın) yazılı razılığı alınmalı, həmin əmlak icarəyə və ya idarəetməyə verildikdə isə girov saxlayanın (ipoteka saxlayanın) üstünlük hüquqları gözlənilməlidir.

Qeyd edilib ki, bu qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdınıması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər