17 C
Baku
Monday, May 27, 2024

Vətəndaş ev tikərkən icra hakimiyyətindən icazə almalıdır?

“Bəzən vətəndaşlar 10-15 ildən artıqdır ki, mülkiyyətində torpaq sahəsi olmasına baxmayaraq, onların həmin ərazidə tikinti işləri aparmasına icazə verilmir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ilk növbədə həmin şəxsin adına dövlət qeydiyyatından keçirilməsi lazımdır. Yəni, əmlak üçün çıxarış alınmalıdır. Əgər çıxarış varsa, şəxs həmin torpaq sahəsində tikinti işləri apara bilər”.

Bunu vəkil Araz Nurməmmədov deyib.

Vəkil bildirib ki, çıxarış olsa belə, tikintinin aparılması ilə bağlı müəyyən qaydalara riayət olunmasının vacibliyi nəzərə alınmalıdır.

“Şəxsin fərdi yaşayış evinin tikilməsi üçün xüsusi icazə alınması tələb olunmur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Vətəndaş qeyd olunan qaydalara uyğun olaraq tikinti apardıqda müvafiq icra orqanına ərizə ilə müraciət edir və bu ərizə sadəcə məlumatlandırma xarakteri daşıyır. Ərizəyə çıxarışın surəti, tikiləcək evin planlaşdırılması, yəni onun otaqlarının sayı, ölçülərinin sayı və s. məlumatlar əlavə olunaraq təqdim olunur. Ərizənin xahiş hissəsində tikintisi aparılacaq əmlakın qeydiyyata alınması istənilir”, – deyə A.Nurməmmədov qeyd edib.

Onun sözlərinə görə, ərizəyə baxan icra hakimiyyəti orqanı yalnız qanuna əsaslanaraq tikintiyə hər hansı irad bildirə bilər: “Əgər müvafiq icra hakimiyyəti həmin memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmadığını müəyyən edərsə, həmin tikintini dövlət reyestrində qeydiyyata alınır. Lakin bəzən elə olur ki, müvafiq icra hakimiyyəti orqanı vətəndaşın müraciətinə cavab vermir. Bu halda şəxsin cavab gözləməsinə ehtiyac yoxdur. Qanuna əsasən, həmin müraciət qarşı tərəfə çatdığı gündən 10 gün sonra müvafiq icra hakimiyyəti orqanından heç bir cavab gəlməsə, vətəndaş artıq tikintiyə başlaya bilər”.

Mənbəe-hüquq
Son xəbərlər
 ⁠
Digər xəbərlər