26 C
Baku
Tuesday, July 23, 2024

Vətəndaşların pensiya kapitalı mənimsənilib? – Oxucu şikayəti

Banker.az redaksiyasına daxil olan müştəri şikayətində bu haqqda bildirilir. Belə ki, oxucu İqtisadçı (Mühasib) Elşən Orucov, başına gələn hadisə haqqında detalları bizə bildirmiş – məsələnin həlli istiqamətində aidiyyatı qurumların ona köməklik göstərməməkdə günahlandırmışdır. Qeyd edək ki, Banker.az məsələnin aydınlaşdırılması istiqamətində aidiyyatı qurumların mövqelərini yerləşdirməyə hazırdır.

Şikayət aşağıdakı kimidir:

Mən, İqtisadçı (Mühasib) Elşən Orucov, 2019-cu il 28 iyun tarixdə 142 qaynar xəttinə müraciət edərək, bildirdim ki, e-sosial.az saytına daxil olaraq fərdi hesabı yoxlayarkən 2012-ci il üzrə əmək fəaliyyətim olsa da, fərdi hesabda heç bir məlumatın əks olunmadığını gördüm. Onlardan bununla bağlı araşdırma edib mənə məlumat vermələrini xahiş etdim. Həmin müraciətdən sonra bir dəfə mənimlə telefonla əlaqə saxlanılaraq araşdırıldığını bildirdilər. Lakin sonradan müraciətimlə bağlı nə yazılı, nə də şifahi cavab verildi.

Yenidən 30 avqust 2021-ci il tarixdə yenidən e-sosial.az saytında fərdi hesabı yoxlayarkən 2 il öncə etdiyim müraciətin statusunda “baxılmaqdadır” yazıldığını gördüm və fərdi hesabda 2012-ci il üzrə hələ də heç bir məlumat əks olunmurdu.

Məsələ ilə bağlı 142 qaynar xətti ilə yenidən əlaqə saxlayıb, həmin məsələnin həll olunması ilə bağlı yenidən müraciət etdim.

Bunda sonra, e-gov.az saytında Mühasib kimi çalışdığım təşkilatın DSMF hesabatlarına daxil olaraq məlumatları yenidən dəqiqləşdirməyə çalışdım. Bu dəfə isə aydın oldu ki, təşkilatın 2013-cü ilə kimi əməkdaşlarının B3 hesabatındakı məbləğlərin heç biri işçilər arasında bölüşdürülməyib. Başqa sözlə, DSMF-nin onlayın sistemə keçidinin 2006-cı il olduğunu nəzərə alsaq, təşkilatın 2006-2012-ci illər (7 il dövr) ərzində işçiləri üçün etdiyi ödənişin heç biri onların pensiya fondu olan fərdi hesablarında əks olunmayıb. Xoşbəxlikdən təşkilatın həmin illər üzrə hesabatlarını arxivdən tapmışam və baxmışam ki, hesabatlar təqdim olunaraq, DSMF-nin həmin vaxt Hüquqi Şəxslərlə İş Departamentində müvafiq şöbəsinin əməkdaşı tərəfindən imzalanaraq təhvil götürülüb.

Bu dəfə DSMF-nin Uçot şöbəsi ilə də əlaqə saxladım. Oradan bildirdilər ki, bu sahədə fəaliyyət göstərən təşkilatların kodu sistemə ümumiyyətlə daxil edilməyib, hesabata nə siz, nə də biz düzəliş edə bilmərik. Bundan əlavə, həmin xanım bildirdi ki, bu problem tək sizdə deyil, bir çox şirkətlərdə belədir. Məsələ ilə bağlı araşdırma edəcəyini bildirsə də, məsələ hələ də həllini tapmamış qalır. Danışıq əsnasında xanım minlərlə insanın ümumilikdə 1 milyard manatdan artıq bu cür məbləğin sistemə hələ də daxil edilməməsini bildirdi.

Bundan sonra, sosial şəbəkə vasitəsilə məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Naizrliyinin mətbuat katibi Fazil Talıbovla əlaqə saxladıq. Fazil müəllim Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili ilə əlaqə yaratmağımı bildirsə də, sonuncu ilə əlaqə yaratmaq mümkün olmadı.

Vətəndaşlar bu məsələdə xüsusi ilə diqqətli olsunlar və e-sosial.az saytına daxil olaraq, fərdi hesabda əks olunan ödənişlərə tarixləri ilə baxsınlar. Hər hansı ödənişin əks olunmadığını görsələr, DSMF-yə və çalışdıqları şirkətə indidən müraciət etsinlər.

Artıq 2022-ci il mart ayının 28-dir. E-sosil.az saytında fərdi hesabıma yenidən daxil oldum, 2012-ci illər işlədiyim dövrdə pensiya fonduna edilən ödənişlər hələ də əks olunmur. Eyni zamanda, çalışdığım şirkətin əməkdaşlarının da 2006-2012-ci illər (7 il dövr) ərzində pensiya fonduna olan ödənişlərin əksəriyyəti hələ də əks olunmur.

Bütün bunlar onu deməyə əsas verir ki, vətəndaşın pensiya kapitalına ödədiyi məbləğlər mənimsənilib. Çünki son 4 ildə dəfələrlə eyni məsələ ilə bağlı müraciət etsəm də, həllini tapmayıb.

Ferdi ucot3 Ferdi ucot1 Ferdi ucot2

Son xəbərlər
Digər xəbərlər