“Bu gün ali məktəbə daxil olanların 90 %-dən çoxu universiteti bitirir. Dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin:
“Bolonya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var”.
“Biz işə qəbulda görürük ki, pedoqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməyilik” – elm və təhsil naziri əlavə edib.