Respublikamız qonşu ölkələrdən fərqli olaraq əlverişli demoqrafik şəraitə malikdir. Son 20 ildə respublika əhalisi artmış və 10 milyon nəfəri ötmüşdür. Belə demoqrafik inkişaf əmək qabiliyyətli insanların sayının artmasını şərtləndirir, lakin məşğulluqla bağlı əlavə problemlər yaradır. Bu baxımdan məşğulluq, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün daimi prosesdir. Bu problemin həlli ölkəmizin dinamik inkişafının strateji amili kimi qiymətləndirilir və hökumətə bu istiqamətdə tapşırıqlar verir. Eynu zamanda bu əmək ehtiyatları artmayan ölkələrdən fərqli olaraq yeni yanaşmalar tələb edir.
Ötən 17 ildə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi, iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. Xüsusən regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun icrası nəticəsində regionlarda çoxsaylı yeni iş yerləri yaradılmışdır. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi amili kimi vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Xüsusilə qeyd etmək istərdim ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq, ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı və bu vəzifə də uğurla həll edildi.
Bu gün Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı daha böyük rəqəmlərlə ifadə olunur. Təkcə cari ilin birinci yarısında ölkədə 84,8 min yeni iş yerlərinin açılması da təsdiq edir ki, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün daimi prosesdir. İşsizlik isə təxminən 5 faiz səviyyəsindədir. Ümumilikdə isə bu ilin avqust ayına olan məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 230 min nəfərdir. Onlardan 4 milyon 881,5 min nəfərini məşğul əhali təşkil edir.
Respublikanın keyfiyyətli iqtisadi inkişafını, real sektorun quruluşunun şaxələndirilməsini təmin etmək müntəzəm olaraq yeni, yüksək elm və texnoloji tutumlu istehsal sahələrinin yaradılmasını zəruri edir. Lakin rəqəmsal iqtisadiyyatın sürətli inkişafı bir tərəfdən iş yerlərini ixtisar etməklə müşayiət edilirsə, digər tərəfdən artan iqtisadi və sosial tərəqqi əlavə işçi qüvvəsinə ehtiyac hiss edir. Bu baxımdan müasir elmi-texniki inqilabın yaratdığı bu proseslər daim diqqət mərkəzində olmalı, müvafiq qurumlar investisiya siyasətinin formalaşması, prosesində məşğulluq amilini nəzərə almalı, mütərəqqi əmək tutumlu layihələrə üstünlük verməlidirlər. Dövlət başçısı məşğulluq problemlərindən danışarkən işçilərin ixtisarı məsələsinə çox həssaslıqla yanaşılmasını vacib sayır. Təəssüf ki, bir sıra hallarda bu həssas məsələyə lazımi diqqət verilmir.
Bir məsələni də unutmalı deyilik ki, hazırda bütün bəşəriyyət dördüncü sənaye inqilabı dövrünə qədəm qoyur. Bu dövr yuxarıda qeyd edildiyi kimi, mühüm texniki yenilikləri ilə bərabər həm də bir sıra sosial çətinlikləri də ehtiva edir ki, bunlardan ən mühümü iş yerlərinin ixtisara salınmasıdır. Ona görə belə bir mərhələdə xüsusən sahibkarlar özlərinin sosial məsuliyyətini dərk etməli, məşğulluq məsələlərinə, baş verə biləcək ixtisarlara diqqətlə yanaşmalı, qanunvericiliyə riayət edilməsini əsas tutmalıdırlar.
Azərbaycan dövləti tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların aktiv əməyə cəlb edilməsinə, məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.
Bu baxımdan cəmiyyətimiz üçün nisbətən yeni hesab edilən Özünüməşğulluq proqramı barədə qısaca bəhs etmək istərdim. Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli sərəncamı ilə həyata keçirilən Özünüməşğulluq proqramı dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
Sosial sahədə önəmli layihələrdən olan Özünüməşğulluq proqramı məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Dövlət, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.
Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Çünki bu sahə çoxşaxəlidir. Kənd yerlərində insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması belə insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır. Elə buna görə də Heydər Əliyev Fondu bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək verib.
“Sosial bağlar” layihəsi çərçivəsində sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının yaradılması ilə bağlı mühüm işlər görülüb. Bütövlükdə, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına və gəlirlərini artırmalarına imkan verən bu layihə belə ailələrin ünvanlı dövlət sosial yardımı proqramından asılılığının aradan qaldırılmasına və kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə şərait yaradır. Eyni zamanda layihə üzrə yeni bağçılıq sahələrinin yaradılması qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstəkdir.
Özünüməşğulluq proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da cari il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha 250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.
Cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4500-dən çox vətəndaş bu proqrama cəlb edilib.
Azərbaycanda özünüməşğulluğu inkişaf etdirmək üçün hərtərəfli şərait və imkan var. Artıq yerli banklar da bu proqramın həyata keçirilməsinə fəal dəstək verməyə başlayıblar. Belə ki, proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Prezident İlham Əliyev “Şadam ki, Özünüməşğulluq proqramına bizim banklar da qoşuldu. Bu, çox müsbət haldır. Biz bu proqrama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə başlamışdıq. İndi həm Dünya Bankı qoşuldu – 100 milyon dollar həcmində, eyni zamanda, bizim banklar qoşuldular” deyə – qeyd edib.
Onu da qeyd edim ki, 2020-ci ilin yazında Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Məşğulluq haqqında” qanunun 14 maddəsinə edilən dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunanların işsiz vətəndaşların daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapdı.
Həyat səviyyəsi göstəricilərinin yüksəldilməsində yeni keyfiyyət mərhələsi
2018-ci ilin prezident seçkilərindəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident ciddi islahatların aparılacağını bəyan etmişdi. Nitqində sosial siyasətin daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların aparılacağını və bütün bunların vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracağını bəyan edərək dedi: “Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”.
2018-ci ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, infilyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə iki dəfə geniş sosial paket elan edildi.
A) 2019-cu ildən başlanan sosial islahatlar 4,2 milyondan artıq vətəndaşı əhatə etdi. Ötən il həyata keçirilən sosial islahatlar öz miqyası və vətəndaşların maddi rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin fevral ayında İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən bir sosial paketi təsdiqlədi. Bu paketdə minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin, məcburi köçkünlərə verilən müavinətlərin artırılması, problemli kreditlərə son qoyulması, yeni inşa olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi kimi vətəndaş məmnunluğuna yol açan məsələlər öz əksini tapdı.
Beləliklə, iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlət başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, ötən ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırdı. Həmin vaxt keçirdiyi müşavirədə Prezident İlham Əliyev vətəndaşların sosial rifahının yüksəldilməsi ilə bağlı addımların bundan sonra da atılacağını bəyan etdi. 2019-cu ilin iyun ayının 18-də isə dövlət başçısı imzaladığı 17 sərəncamla əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi. Beləliklə, sosial sahədə bu ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start verildi.
Qeyd edək ki, birinci paket 3 milyon vətəndaşı əhatə etdi. Bu sosial islahat paketi tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. Minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Əmək pensiyasının minimum məbləği isə 160 manat məbləğində müəyyən olundu.
İkinci sosial paketin icrası nəticəsində isə sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırıldı, həmçinin oktyabr ayından əmək pensiyasının minimum məbləği 200 manat təşkil etdi. Ümumilikdə isə iki sosial paketin 4,2 milyon vətəndaşı əhatə etməsi göstərdi ki, ölkədə həyata keçirilən siyasət məhz insan amilinə xidmət edir. Minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin artırılması həm vətəndaş məmnunluğuna, həm də sosial rifahın yüksəldilməsinə xidmət edən addımlar kimi ictimaiyyətin dərin rəğbətinə səbəb oldu.
Bu ilin əvvəlindən isə pensiyaların indeksasiyası ilə bağlı dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bu ilin ötən dövründə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 300 manata yaxınlaşıb. Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci, orta pensiyanın alıcılıq qabiliyyətinə görə isə ikinci yeri tutur.
Bununla belə Prezident İlham Əliyev bildirmişdir ki, bu artım böyük olsa da, bizi qane edə bilməz, maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq.
Bütün bunlarla yanaşı, çoxmənzilli binanın sənədləşməsindəki problemlərə son qoyulması, fiziki şəxslərin problemli kreditlərinin həlli ötən ilin ən mühüm hadisələri kimi sosial siyasətin mütərəqqi nümunələridir. Çünki bütün hallarda vətəndaşı narazı salan və narahat edən problemlər həll olunmalıdır.
B) Sosial xidmətlərə yeni nəfəs verən DOST. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Agentliyin missiyası Azərbaycan əhalisinin dövlət tərəfindən təklif edilən əmək və sosial müdafiə xidmətlərinə Xidmət mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir. Layihə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.
DOST xidmətlərinin fəaliyyətə başlaması sosial xidmətlərlə bağlı dövlət orqanlarına müraciət zamanı həm vaxt itkisinin qarşısının alınması, həm də vətəndaşların bu səbəblərdən keçirə biləcəyi əsəb və stresə son qoyulması baxımından mühüm hadisədir. Bütün bunlarla yanaşı, DOST xidmətinin həm cəmiyyətin ümumi mədəni, həm dövlət-vətəndaş münasibətlərinin səviyyəsinin yüksəlməsində, həm də korrupsiyaya ciddi zərbənin vurulmasında böyük rolu var.
Respublikada bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Onlarda da 130-dan çox xidmət göstəriləcəkdir.
Prezidentin vətəndaşlarla görüşləri sosial siyasətin təkmilləşməsi üçün yeni imkanlar açır
Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Sosial ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır.
Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan hökuməti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq müəyyənləşdirməli, əsaslandırılmış strateji proqramlardan istifadə etməli, sosial tərəqqini, keyfiyyəti, inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələri kimi diqqət mərkəzində saxlamalıdır. Qlobal maliyyə böhranı, neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycan dövləti strateji proqramların, layihələrin heç birini dayandırmadı. Büdcə-maliyyə resurslarının bölüşdürülməsində müəyyən dəyişikliklər etdi, inflyasiya risklərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gördü.
Azərbaycanda həyata keçirilən sosial siyasətdən danışarkən bir məsələni də qeyd etməliyik ki, bu siyasətin ayrı-ayrı istiqamətləri məhz Prezident İlham Əliyevin ölkə vətəndaşları ilə görüşləri zamanı formalaşır. Dövlət başçısının fəaliyyətinin ən mühüm tərəflərindən biri müxtəlif tədbirlər və regionlara səfərlər zamanı vətəndaşlarla təmaslara, söhbətlərə daim vaxt ayırması, belə görüşləri fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirməsidir. Bu görüşlər sosial siyasətin daha da təkmilləşməsi üçün yeni imkanlar açır. Ən əsası isə odur ki, belə görüşlər ictimai nəzarətin ən optimal nümunəsidir.
Bütün bunların nəticəsi olaraq Prezident İlham Əliyev mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edir, insanları, cəmiyyəti narahat edən problemlər zamanında öz həllini tapır. Respublikamızda sosial siyasətdə mütəmadi olaraq baş verən keyfiyyət dəyişiklikləri də bu görüşlərin məntiqi nəticəsidir. Bu onu göstərir ki, vətəndaşların rifahı ilə bağlı qəbul edilən qərarların təməlində insanlarla görüşlərdə qaldırılan məsələlər xüsusi yer tutur. Çünki cəmiyyətin tərəqqisi ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas şərtlərdən biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, hər bir insanın qayğısına çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən, sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə daha diqqətlə yanaşılması olduqca vacibdir. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.
(Ardı var)
Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı