-1 C
Baku
Sunday, December 15, 2024

Vətəndaş müraciətləri necə tənzimlənir? (qanunvericilik izahlarla)

Gündəlik həyatda ən çox başverən hallardan biri də hansısa xidmətlə əlaqədar müəyyən idarə, müəssisə və ya təşkilata edilən müraciətlərdir. Mövzu çərçivəsində əvvəla müraciətlərin növləri barədə öyrənmək yerinə düşərdi.

Bu mövzunun izahı zamanı başlıca olaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununa və müvafiq olaraq digər qanunvericilik aktlarından istifadə olunacaqdır.

I hissə

Hansı müəssisələr üçün müraciətlərə baxılma qaydası adıçəkilən qanunla tənzimlənir?

Mövzu ilə əlaqədar olaraq xatırladaq ki, qanun vətəndaşların

– dövlət orqanlarına, bələdiyyələrə, dövlət və ya bələdiyyə məxsus nəzarət zərfinə malik hüquqi şəxslərə, büdcə təşkilatlarına,

– ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, yəni publik hüquqi şəxslər, sığorta şirkətləri, banklar, ictimai birlik, fond, dini qurum, kredit təşkilatları, investisiya fondları, özəl (qeyri-dövlət) sosial fondlar, qiymətli kağızlar bazarında fəaliyyət göstərən hüquqi şəxslər, poçt müəssisələri, sərnişin, yük daşıma həyata keçirən hüquqi şəxslər, telekommunikasiya xidməti göstərən, kiv ilə məhsullarının istehsal və ya yayılmasını həyata keçirən, o cümlədən

– illik gəliri 120 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayı 1500 nəfər olan və balansın yekun məbləği 300 milyon manat olan

hüquqi şəxslər üçün məcburi qaydada tətbiq edilməlidir.

Qeyd etmək lazımdır ki, bu qanunda göstərilən bir sıra hallarda nəzərdə tutulan tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər ya xəbərdarlıq edilir, ya da 100 AZN məbləğində, hüquqi şəxslər isə 200 AZN məbləğində cərimə olunur.

Qanuna görə müraciət dedikdə müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət başa düşülür.

II hissə

Müraciətlərin növləri və formaları hansılardır?

Qanunvericilik müraciətləri bir neçə növə ayırmışdır. Daha dəqiq desək müraciət anlayışına təklif, ərizə və şikayət məzmununda sorğular təşkil edir. Bu növ müraciətlərin məzmunu barədə də ətraflı izah vermək zərurəti əmələ gəlmişdir.

Qanunvericiliyə görə təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətdir. Anlayışdan da məlum olduğu kimi vətəndaş əgər müraciətə baxan subyektlərin hansısa faəliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürsə, bu halda həmin quruma təklif şəklində müraciət ünvanlaya bilər.

Ərizə dedikdə, hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Dəqiq desək, vətəndaşın hüququnun və ya azadlığının həyata keçirilməsini tələb etmək məqsədilə müraciətə baxan subyektə ünvanladığı müraciət ərizə şəklində olmalıdır, yəni vətəndaş müraciətə baxan subyektdən öz hüququnun və ya azadlığını tələb edirsə, bu halda ərizə şəklində müraciət ünvanlamalıdır.

Şikayət dedikdə isə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Ətraflı qaydada demək mümkündür ki, vətəndaş müraciətə baxan subyektə öz hüquq və azadlıqlarının pozulduğunu bildirir və pozulmuş hüquq və azadlıqlarının bərpasını yaxud müdafiəsini tələb edirsə, bu müraciət şikayət hesab edilir.

Qanunvericiliyə görə müraciət yazılı (kağız daşıyıcıda, elektron sənəd qaydasında) və şifahi (telefon, həmin qurumda qəbul) formada ola bilər.

Bununla yanaşı xatırladaq ki, vətəndaşlar həm də iki və daha çox şəxsin birgə iştirakçılığı ilə kollektiv müraciət də edə bilər.

Müraciət hansı qaydada edilməldir ki, mütləq baxılsın?

Xatırladaq ki, heç də vətəndaşın bütün yazdıqlarına baxılmalıdır deyə məcburi bir şərt yoxdur.

Qanunvericilik yalnız konkret tələblərə uyğun olan müraciətlərə mütləq baxılmalı olmasını tələb edir.

Vətəndaşın müraciətlərlə bağlı bilməli olduğu başlıca şərt odur ki, onun müraciəti anonim olduğu halda heç vaxt baxılmayacaqdır. Anonim müraciət dedikdə müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət başa düşülür.

Müraciətlərdə mütləq qaydada aşağıdakılar qeyd olunmalı və bu şərtlərə cavab verməlidir:

– vətəndaşın soyadı, adı, atasının adı,

– ünvanı, şəxsi və ya elektron imzası

– müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı

– nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti

– müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı

– müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməli, müraciətin mətnində təhqir və böhtana yol verilməməli

– müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı

– təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verilməmiş olmalı

– təkrar müraciətdə məsələnin həlli üçün yalnız yeni məlumatlar olmalı

III hissə

Müraciətlərə baxılma müddətləri hansı qaydada tənzimlənir?

Vətəndaşların qəbulu hansı qaydada olmalıdır?

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər və hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətləri istisna olmaqla ümumilikdə müraciətlərə müraciət daxil olduğu vaxtdan 15 iş günü müddətində baxılmalıdır.

Müraciətlərə baxıldıqdan sonra müəyyən edilsə ki, bu müraciətlə bağlı yoxlama aparılmasına zərurət var, bu halda müraciətə 30 iş günü müddətində baxılmalıdır.

Əgər müraciətə baxılması zamanı müəyyən edilsə ki, əlavə məlumat alınması yaxud aidiyyatı üzrə digər idarə, müəssisə və ya təşkilata sorğu göndərilməsi lazımdır, bu halda müraciətə baxılması müddəti 30 iş günü olaraq uzadılır.

Hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə ən geci 15 iş günü müddətində baxılmalıdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla əlaqədar daxil olmuş müraciətlər üzrə xidməti araşdırma təyin edilməli və bu araşdırma 20 iş günü müddətində başa çatdırılmalıdır. Əlavə araşdırma zərurəti olduqda bu müddət 10 iş günü uzadıla bilir. Dövlət orqanları istisna olmaqla, digər qurumlarda korrupsiya ilə bağlı hüquqpozmalarla əlaqədar müraciətlərə 20 iş günü müddətində baxılmalıdır.

Müraciətlərin edilməsi üsulundan biri də qəbul zamanı edilən müraciətlərdir.

Müraciətə baxmalı olan subyektlər (1-ci hissədə göstərilib) hər ay 1 dəfədən az olmayaraq qəbul günü müəyyən etməlidir.

Qəbulu müraciətə baxan subyektin rəhbəri yaxud vəzifəli şəxsi həyata keçirməlidir.

Əgər müraciətlə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsinə zərurət varsa, bu halda vətəndaşın qəbulu dərhal həyata keçirilməlidir.

Qəbulda vətəndaşın mütləq şəxsiyyətini eyniləşdirmək lazımdır, yəni ya şəxsiyyət vəsiqəsi, ya da digər rəsmi sənəd təqdim edilməlidir.

Qəbul zamanı vətəndaşın bütün müraciətləri qeydə alınmalı, yazılı müraciəti qəbul edilməli və zəruri işlər görülməlidir.

IV hissə

Canlı yayım və telefon vasitəsilə edilən müraciətlər necə tənzimlənir?

Canlı yayımlanan teleradio verilişi zamanı çıxış üçün proqramda iştirak edən şəxs müraciəti şifahi şəkildə dərhal cavablandıra bilərsə, bu halda heç bir əlavə araşdırma aparmadan cavablandırmaq ixtiyarına malikdir.

Əgər müraciətin əlavə araşdırılması zəruridirsə, bu halda dərhal vətəndaşın müraciəti qeydə alınmalı və ona yazılı qaydada daxil olmuş müraciətlərlə bağlı prosedur tətbiq olunmalıdır. Bu halda müraciət edən şəxslə bağlı tələblər və cavablandırma müddəti də əvvəlki hissələrdə göstərilən qaydada olacaqdır.

Telefon müraciət xidməti vasitəsilə müraciətlərin edilməsi zamanı bilinməsi gərəkən ilk hal müraciətlərin iş günü və iş vaxtı ərzində edilməsidir. Bir qayda olaraq əksər müəssisələrdə iş günlərinin həftənin 1-5-ci günləri, iş vaxtının isə 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək olduğunu xatırlatmaq istərdik. Qeyri-iş günlərində isə edilən müraciətlər qeydə alınmır və baxılmır.

Müraciət telefon vasitəsilə edildikdə mütləq qaydada müraciət edən şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrəsi bildirilməlidir. Əks halda müraciətlərə baxılmayacaqdır.

Onu da qeyd edək ki, müraciətə baxan subyektlərin şəxsi məlumatlandırmaqla audioyazı aparmaq hüququ var. Müraciət edən şəxs təhqir və böhtana yol verdikdə müraciətə baxılmaqdan imtina edilir.

Telefonla müraciət zamanı müraciət qeydə alındıqdan sonra müraciətin dərhal cavablandırılması mümkün olmadıqda müraciət vərəqəsi tərtib edilir və 1 iş günü müddətində müraciət edənlə əlaqə saxlanılaraq ona müraciətinə baxan şəxs və ya struktur bölmə barədə məlumat verilməlidir.

Müraciətə isə qanunvericiliklə müəyyən edilmiş və əvvəlki hissədə göstərilmiş müddətlərdə cavab verilməsi təmin edilməlidir.

MÜƏLLİF
ŞƏHRİYAR HƏBİLOV
Hüquqşünas

Son xəbərlər
Digər xəbərlər