Ekspertlər düşünür ki, problemli kreditlər üç tərəf arasında bərabər şəkildə bölünməklə qaytarıla bilər
“Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır”.
Bu barədə Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə bildirib. Dövlət başçısı qeyd edib ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur, müxtəlif təkliflər səsləndirilir: “Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.
Biz də bu istiqamətdə hansı addımların atılacağını dəqiqləşdirməyə, problemli kreditlərin həllinin bank sektoruna necə təsir edəcəyini öyrənməyə çalışdıq.
İqtisadçı ekspert Ramin Rəhimov deyir ki, hər bir bank müştərisinə individual yanaşaraq müəyyən güzəştlər tətbiq edə bilər: “Burada əhalinin dollarla olan problemli kreditlərindən söhbət gedir. Məqsəd insanların yükünün azaldılmasıdır. Hazırda yükün üç tərəf arasında bərabər şəkildə bölünməsi ən ideal variant kimi görünür. Əlbəttə, tətbiq ediləcək mexanizm müştərilərin yükünü bir qədər aşağı salacaq. Atılan addımın bank sektorunun inkişafına müsbət təsir edib-etməyəcəyini demək mümkün deyil. Çünki bank sektorunun hazırkı vəziyyəti yalnız problemli kreditlərlə bağlı deyil. Əsas məsələ budur ki, günümüzdə əhali, xüsusilə də sahibkarlar kredit götürməkdə və ya banklar bu kreditləşmədə nə qədər maraqlıdırlar. Bank ilk növbədə problemli krediti olan müştərisinin hansı sektordan olduğunu müəyyənləşdirməlidir. Aydınlaşdırmaq lazımdır ki, problem müştərinin mənsub olduğu sahədən, yoxsa özündən qaynaqlanır. Bu kimi təhlillər əsasında bank müştərisinə individual olaraq güzəştlər tətbiq edəcək. Beləliklə, müştərinin kredit yükü azalacaq”.
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, kiçik həcmli problemli kreditlər problemi həll olunarsa, banklar iri həcmli kreditlərin qaytarılmasına nail olar: “Problemli kreditlərin həlli ilə bağlı hələ ki konkret mexanizm göstərilməyib. Düşünürəm ki, burada söhbət bütün problemli kreditlərdən getmir. Böyük ehtimalla bu, yalnız xarici valyuta ilə və müəyyən məbləğədək olan kreditlərə aid ediləcək. Ona görə də ümumi kreditlər portfelində bu, elə də böyük məbləğ olmayacaq. Amma vətəndaşların xırda məbləğli kreditləri say etibarı ilə çoxdur. Bu da banklar üçün əlavə problem yaradırdı. Çünki belə problemli kreditlərlə işləmək çətin idi. Onları məhkəməyə vermək, əlavə maddi vəsait xərcləmək və s. kimi işlərə zaman gedirdi. Amma bu cür kiçik həcmli problemli kreditlər həll olunarsa, bu, banklara imkan verəcək ki, vaxtlarını, resurslarını daha iri həcmli kreditlərə sərf etsinlər və onların qaytarılmasına nail olsunlar”.
İqtisadçı Vüqar Bayramov qeyd edir ki, “İqtisadi və Sosial İnkişaf Mərkəzi”nin apardığı təhlillər də göstərir ki, problemli kreditlər vətəndaşları narahat edən ən ciddi məsələlərdəndir. Məhz bu narahatlıq müşavirədə ölkə Prezidenti tərəfindən diqqətə çatdırılıb. Yaxın vaxtlarda problemli kreditlərin həlli ilə bağlı addımların atılacağının şahidi olacağıq. Hökumət daha çox Amerika modelinin tətbiqində maraqlıdır. Burada problemli kreditlərin səhmləşdirilərək bazara çıxarılması, bunun müqabilində vətəndaşlara güzəştlərin verilməsi nəzərdə tutulur. Həmçinin, Rusiya modelində olduğu kimi, vətəndaşlara güzəştlərin verilməsindən söhbət gedir. Bu modeldə ödəmə müddətinin uzadılması, faizlərdə güzəştin tətbiq edilməsi, eyni zamanda aylıq ödəniş məbləğlərinin aşağı salınması və s. nəzərdə tutulur”.
V.Bayramov problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edir: “Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Xatırlatmaq istərdim ki, 2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edir. Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında – müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik”.